Avropada elektrik enerjisinin qiymətləri rekord səviyyədə azalaraq bəzi ölkələrdə mənfi göstəricilərə düşüb. Bu hal əsasən güclü günəş enerjisi istehsalı, zəif həftəsonu tələbatı və mülayim yaz havası ilə izah olunur.
Korrekt.az xəbər verir ki, aprelin 26-da, bazar günü qitənin enerji bazarlarında tarixdə ən aşağı qiymətlər qeydə alınıb. Ən kəskin eniş Niderlandda müşahidə olunub — Mərkəzi Avropa vaxtı ilə saat 14:00-da elektrik enerjisinin qiyməti meqavat-saata görə -479.59 avroya düşüb. Belçikada bu göstərici -479.27 avro, Fransada isə -478.80 avro təşkil edib. Günün pik saatlarında Avropanın əksər ölkələrində qiymətlər -400 ilə -200 avro/MWh arasında dəyişib.
Bloombergin məlumatına görə, bu göstəricilər Pasxa bayramından sonra qeydə alınmış əvvəlki rekordları geridə qoyub. Həmin vaxt Almaniyada qiymətlər -323.96 avro/MWh, Fransada isə -230.31 avro/MWh səviyyəsinə düşmüşdü.
Ekspertlər bu vəziyyəti təsadüfi deyil, enerji bazarında struktur dəyişikliklərinin nəticəsi kimi qiymətləndirirlər. Montel şirkətinin məlumatına əsasən, 2026-cı ilin birinci rübündə Avropada bərpa olunan mənbələrdən rekord həcmdə — 384.9 teravatt-saat elektrik enerjisi istehsal olunub. Xüsusilə günəş enerjisi istehsalı tarixi maksimuma çatıb.
Eyni zamanda, Almaniyada külək enerjisi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 27% artıb. İspaniyada mənfi qiymətlərin müşahidə olunduğu saatların sayı üç dəfədən çox, Fransada isə demək olar ki, iki dəfə artıb.
Mənfi qiymətlər elektrik təklifinin tələbi üstələdiyi hallarda yaranır və istehsalçılar artıq enerjini şəbəkəyə ötürmək üçün əlavə ödəniş etməyə məcbur qalırlar. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2025-ci ildə Almaniya və İspaniyada mənfi qiymətlərlə saatların payı ümumi vaxtın təxminən 6%-ni təşkil edib.
Bununla yanaşı, enerji bazarlarında ümumi qiymət səviyyəsi hələ də yüksək olaraq qalır. Buna səbəb kimi qlobal geosiyasi gərginliklər göstərilir. Xüsusilə, ABŞ və İsrailin fevralın 28-də İrana endirdiyi hava zərbələrindən sonra enerji bazarlarında qeyri-müəyyənlik artıb.
Bu fonda Fars körfəzindən enerji təchizatında risklər yaranıb, qaz qiymətləri isə kəskin yüksəlib. Niderlandın TTF qaz fyuçersləri martın ortalarında 60 avro/MWh həddini keçib. Sonradan müəyyən azalma olsa da, aprel ayının sonunda qiymətlər təxminən 44 avro/MWh səviyyəsində qalaraq ötən illə müqayisədə hələ də yüksəkdir.
Avropa Komissiyası vəziyyətə reaksiya olaraq elektrik vergilərinin azaldılması və qaz anbarlarının koordinasiyalı şəkildə doldurulması planlarını irəli sürüb. Buna baxmayaraq, aprel ayının ortalarında Avropanın əsas bazarlarında həftəlik orta topdansatış qiymətləri 95 avro/MWh-dan yuxarı olub.
Mütəxəssislər qeyd edir ki, yaranmış vəziyyət Avropanın enerji keçidində əsas ziddiyyəti ortaya qoyur: günəşli günlərdə bərpa olunan enerji qiymətləri kəskin aşağı salsa da, ümumi bazar hələ də fosil yanacaqlardan asılılıq və geosiyasi risklərin təsiri altındadır.





















