image-1backend

Avropada rekord istilər: Fransada ölüm halları artdı, Almaniyada meşə yanğınları başlayıb

image-ads-728x90

Avropanı bürüyən güclü isti hava dalğası ciddi fəsadlara səbəb olub. Fransada rekord temperatur fonunda ölüm halları kəskin artıb, Almaniyada isə meşə yanğınları və infrastruktur problemləri yaşanır.

Korrekt.az xəbər verir ki, Fransa İctimai Səhiyyə Agentliyinin məlumatına görə, ötən həftə, xüsusilə Paris və ətraf bölgələrdə müşahidə olunan rekord istilər nəticəsində ölüm göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlib. Təkcə çərşənbə günü ölkədə 1200-dən çox ölüm qeydə alınıb. Növbəti iki gün ərzində isə gündəlik ölüm sayı 1400-ü ötüb.

Müqayisə üçün qeyd edək ki, aprel və may aylarında Fransada orta gündəlik ölüm sayı 900–1000 nəfər arasında dəyişirdi. Agentlik bildirib ki, yalnız üç gün ərzində ən azı 1000 əlavə ölüm hadisəsi baş verib. Ölənlərin 85 faizini 65 yaşdan yuxarı şəxslər təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Avropa dünyada ən sürətlə istiləşən qitədir. Onun sözlərinə görə, hazırda qitədə təxminən 150 milyon insan həddindən artıq isti hava şəraitində yaşayır. O, istilik stresini “səssiz qatil” adlandıraraq hökumətləri əhalinin qorunması üçün əlavə tədbirlər görməyə çağırıb.

Məlumata görə, iyunun 21-dən etibarən Avropada yüksək temperaturla əlaqəli əlavə 1300 ölüm hadisəsi qeydə alınıb.

İsti hava dalğası Avropanın bir sıra ölkələrində də rekord temperatur göstəricilərinə səbəb olub. Almaniyanın Polşa ilə sərhədində yerləşən Neissemünde bölgəsində havanın temperaturu 41,7 dərəcəyə, Çexiyada isə 41,1 dərəcəyə çataraq yeni rekord müəyyənləşdirib.

Alimlərdən ibarət Dünya Hava Atributu qrupu rekord istilərin əsas səbəbinin iqlim dəyişikliyi olduğunu açıqlayıb.

Almaniyada yüksək temperatur meşə yanğınlarına da yol açıb. Ölkənin şərqindəki Qohrişhayde və cənub-qərbindəki Trayzen bölgələrində geniş əraziləri əhatə edən yanğınlar başlayıb. Yanğınların İkinci Dünya müharibəsindən qalmış partlamamış sursatların olduğu ərazilərdə baş verməsi yanğınsöndürənlərin işini çətinləşdirib. Təhlükə səbəbindən bəzi ərazilərdə söndürmə işləri dayandırılıb, təxminən 650 nəfər təxliyə edilib.

Almaniyanın paytaxtı Berlində isə polis sakinləri və turistləri sərinlətmək üçün Brandenburq qapısı yaxınlığında xüsusi su şırnaqlarından istifadə edib. Şəhərdə istidən qaynaqlanan sağlamlıq problemləri ilə bağlı təcili yardım çağırışlarının sayı təxminən 500 artıb.

Həddindən artıq istilər nəqliyyat infrastrukturuna da təsir göstərib. Magistral yollarda beton örtüklər çatlayıb, dəmir yolu xətlərində zədələnmələr yaranıb. Almaniyanın milli dəmir yolu operatoru Deutsche Bahn vətəndaşlara zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edib.

Hamburqdan Praqaya hərəkət edən qatar elektrik kəsilməsi nəticəsində kondisionersiz qaldığından 600-dən çox sərnişin təxliyə olunub, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Leypsiq şəhərində isə relslərin deformasiyaya uğraması səbəbindən tramvayların hərəkəti müvəqqəti dayandırılıb.

Mütəxəssislər yaxın günlərdə də Avropanın bir sıra bölgələrində yüksək temperaturun davam edəcəyini bildirərək əhaliyə zəruri ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki