Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Laos Prezidenti ilə mətbuata açıqlamasında iki dövlətin beynəlxalq təşkilatlar daxilində əməkdaşlığını, qarşılıqlı dəstəyini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi imkanlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirib ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək. Dövlətimizin başçısı, həmçinin bu gün təkbətək və geniş tərkibdə görüşlərdə bir çox önəmli məsələlərin müzakirə edildiyini vurğulayıb.
Qeyd edilib ki, iki ölkə arasında siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir. “Otuz ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk. Bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaq”, – deyə dövlətimizin başçısı əlavə edib.
Cənab Prezident iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlığın intensivləşməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini bildirib. Dövlətimizin başçısı, həmçinin bildirib: “Ümid edirəm ki, Bakıda keçiriləcək Azərbaycan-Laos biznes-forumu bu istiqamətdə önəmli addım olacaq”.
Vurğulanıb ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyib ki, milyardlarla dollar səviyyəsində olan sərmayələr bizim həm imkanlarımızı göstərir, eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir.
Bıldirilib ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb. İndi daha çox yüklərin aşkar olunması, yeni ünvanlardan yüklərin səfərbər edilməsi və yüklərin həcminin artırılması ilə məşğul olduğumuzu deyən dövlətimizin başçısı vurğulayıb: “Ümid edirəm ki, gələcəkdə hər iki tərəfdə reallaşan bütün bu layihələr başa çatandan sonra yükdaşımaların da həcmi artacaq”.
Laos Prezidentinin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata açıqlamaları yalnız ikitərəfli münasibətlərin inkişaf perspektivlərini əks etdirmədi, eyni zamanda, Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakteri, dövlətlərarası əməkdaşlığın imkanları və müasir beynəlxalq münasibətlərin əsas prinsipləri haqqında aydın təsəvvür yaratdı.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor





















