Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
Korrekt.az 32gun.az-a istinadla bildirir ki, birlik 1 ədəd 17+1 yerlik sərnişin mikroavtobusunun satın alınması üzrə tenderə start verib. Müsabiqənin texniki şərtlərinə əsasən, alınacaq nəqliyyat vasitəsi yeni, qara rəngdə, minimum 2700 sm³ iş həcmli və 350 Nm fırlanma anına malik Euro V standartlı turbo dizel mühərriklə, həmçinin minimum 6 pilləli mexaniki sürətlər qutusu və arxa ötürücü sistemi ilə təchiz olunmalıdır.
Avtomobilin tam kütləsi minimum 4000 kiloqram, uzunluğu 5500–6000 mm aralığında olmalı, salon və sürücü hissəsi üçün kondisioner, ABS, EBD, ESC/ESP təhlükəsizlik sistemləri, hava yastıqları, ikiqat arxa təkərlər, arxa görüntü kamerası və monitorla təmin edilməlidir. Şərtlərə görə, təchizatçı nəqliyyat vasitəsinə minimum 2 il və ya 200.000 kilometr zəmanət verməli, həmçinin avtomobilin DİN-in Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyata alınaraq dövlət qeydiyyat nişanı və şəhadətnaməsi ilə birlikdə təhvil verilməsini təmin etməlidir.
Sözügedən mikroavtobusun satın alınması üçün elan edilmiş tenderin ehtimal olunan qiyməti 79.500,00 AZN (79 min 500 manat) təşkil edir.
Qeyd edək ki, 2022-ci ilin avqustunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq general-mayor Kənan Aşurluya həvalə olunub.





















