Azərbaycan və Elazığ arasında tarixi, mədəni və mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda görüş keçirilib.
Öndər TV xəbər verir ki, görüşdən əvvəl Türkiyədən Azərbaycana gələn qonaqlar 8 günlük səfər çərçivəsində Naxçıvan, Gəncə, Qarabağ, Şuşa, Xankəndi, Xocalı, Ağdam, Şəki, Bakı, Qobustan və Abşeronun bir sıra tarixi və turizm məkanlarını ziyarət ediblər. Qonaqlar xüsusilə Qarabağ və Şuşaya səfər edərək bölgənin tarixi, mədəni irsi və bu gün həyata keçirilən quruculuq işləri ilə tanış olublar.
Səfərin davamı olaraq Space Travel MMC və Safran Hotel by Smartın təşkilati dəstəyi ilə keçirilən görüşdə Azərbaycan Elazığ Qardaşlıq Dərnəyi, Elazığda fəaliyyət göstərən tədris mərkəzləri, Fırat Universiteti, turizm və təhsil sektorunun nümayəndələri, media və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən SKAL Baku klubunun sədri, SMART Hotels qrupunun rəhbəri, PhD Ceyhun Aşurov Azərbaycan–Elazığ münasibətlərinin dərin tarixi və mədəni köklərə söykəndiyini bildirib. O, Azərbaycanın mühacir şairi Almas İldırımın həyat və yaradıcılığında Elazığın xüsusi yer tutduğunu, bu tarixi bağların iki tərəf arasında mühüm mənəvi körpü yaratdığını qeyd edib.
Space Travel MMC-nin direktoru Əminə Dəmirova Azərbaycan və Türkiyə arasında, xüsusilə Azərbaycan–Elazığ istiqamətində təhsil turizmi və digər turizm sahələri üzrə əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. O, tələbə və müəllim mübadiləsi, qarşılıqlı səfərlər və birgə layihələrin artırılmasının əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə Fırat Universitetinin imkanları da təqdim olunub. Universitetin Geologiya Mühəndisliyi fakültəsinin müəllimi Prof. Dr. Calibe Koç Taşkın ali təhsil müəssisəsinin fakültələri, təhsil istiqamətləri, beynəlxalq tələbələr üçün imkanları və mübadilə proqramları barədə məlumat verib.
Tədbirdə “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri, Öndər TV YouTube kanalının təsisçisi Ramil Əliyev də çıxış edib. O, Elazığda səfərdə olduğunu bildirərək şəhərdə Azərbaycanla yaxın adət-ənənələrin, mədəni dəyərlərin və tarixi bağların mövcudluğunu qeyd edib. Ramil Əliyev bu əlaqələrin təhsil, turizm və mədəniyyət sahələrində yeni əməkdaşlıq layihələri ilə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Çıxış zamanı Azərbaycan–Elazığ münasibətlərinin inkişafında xüsusi əməyi olmuş mərhum Ruslan Quliyev də ehtiramla yad edilib. Aprelin 27–28-də Elazığa təşkil olunan səfər və burada keçirilən görüşlər Azərbaycan və Elazığ arasında turizm əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından mühüm addımlardan biri olub. Həmin səfərdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, mərhum Ruslan Quliyev də iştirak edib.
Ruslan Quliyev Azərbaycan və Türkiyə arasında, xüsusilə Elazığla turizm əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslər göstərib. Hazırda aramızda olmasa da, onun başladığı işlərin davam etdirilməsi və bu gün həyata keçirilən layihələrdə xatirəsinin yaşadılması xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycana gələn qonaqların səfərinin və qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlarda onun vaxtilə göstərdiyi səylərin də izləri görünür.
Ruslan Quliyev artıq aramızda yoxdur, amma onun ruhu və xatirəsi bu əməkdaşlıqda yaşamaqda davam edir.
Tədbirdə Azərbaycan Elazığ Qardaşlıq Dərnəyinin sədri Reyhanə Həsənova və Sigma Kursunun qurucusu Alper Gül də çıxış ediblər.
Müzakirələr zamanı universitetlərarası əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr, peşəkar təlimlər, təhsil turizmi və qarşılıqlı turizm səfərlərinin artırılması məsələləri müzakirə olunub.
İştirakçılar bildiriblər ki, Azərbaycan–Elazığ qardaşlığı tarixi və mənəvi bağlarla yanaşı, təhsil, elm, turizm və mədəniyyət sahələrində konkret layihələrlə gələcəyə daşınmalıdır.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb və tərəflər Azərbaycan–Elazığ əlaqələrinin müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.






















