Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan ilə Gürcüstan arasında regional əməkdaşlığın əsl nümunəsi ola biləcək qarşılıqlı faydalı fəaliyyət həyata keçirilir. İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri daim yeni keyfiyyət xüsusiyyətləri ilə zənginləşir. Bunu xüsusilə aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri bir daha sübut edir.
Müstəqillik yolunda birlikdə addımlayan ölkələrimizin bir çox oxşar təhlükələrlə üzləşməsi heç kimə sirr deyil. Ancaq dəyişən regional və qlobal şəraitdə Azərbaycan və Gürcüstan möhkəm təməllər üzərində səyləri ardıcıl surətdə əlaqələndirməklə, Şərqlə Qərb arasında etibarlı körpüyə və bu sahədə mühüm oyunçulara çevrilməyə nail oldular. Bu tarixi uğurların fonunda cənab Kobaxidzenin indiki səfərinin məqsədi də yüksək səviyyəli əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın möhkəmlənməsinə töhfə verməkdən ibarət idi.
İkitərəfli münasibətlərin gündəliyində duran cari məsələlərin müzakirəsi üçün Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Prezidenti və Baş naziri arasında görüşlər keçirildi. Görüşlərdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu, habelə regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Azərbaycan və Gürcüstanı mehriban qonşuluq və tarixən dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrinin birləşdirdiyini diqqətə çatdırdı. Dövlət başçısı xüsusilə vurğuladı ki, bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”.
İki ölkə arasında tarixən və bu gün çox sıx və inteqrativ əlaqələr var. Turizmdən tutmuş digər mədəni mübadilələrə qədər müxtəlif sahələrdə əlaqələr sistemi də mövcuddur. Qonşu ölkələr həm beynəlxalq, həm də regional təşkilatlarda həmişə bir-birinə arxa dururlar. Eyni zamanda, Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atdığı son addımları ilk dəstəkləyən ölkələrdən biri də Gürcüstan oldu. Bu, dost və qonşunun əsl mövqeyidir. Prezident İlham Əliyev mətbuata açıqlamasında diqqətə çatdırdı ki, iki ölkə arasında siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminik ki, iki qardaş ölkə bundan sonra da bu yolla uğurla gedəcəkdir.
Eyni sözləri iqtisadi əlaqələr barədə də demək olar. İki ixrac neft kəmərimiz və iki ixrac qaz kəmərimiz Gürcüstandan keçir. Gələcəkdə Şərq–Qərb yük daşımalarında Azərbaycanın əhəmiyyətli payını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti qonşu ölkədən keçir. Hərtərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini statistik rəqəmlər də təsdiqləyir. Hər iki ölkə iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edir. Bununla bağlı mətbuata açıqlamasında Prezident İlham Əliyev Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyduğunu diqqətə çatdırdı. Dövlət başçısı bunu Gürcüstanda olan çox müsbət sərmayə iqliminin yaradılması ilə əlaqələndirdi. Rəsmi Tbilisinin yürütdüyü uğurlu iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan investorları da böyük həvəslə Gürcüstana sərmayə yatırırlar.
Qeyd edilibki, Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Bu ixrac Gürcüstandan başlayır. Azərbaycanın nefti və qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları da Azərbaycan və Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi bu gün böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Bu gün də Azərbaycanda nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu ölkəmiz üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər göstərilir və göstəriləcəkdir.
Azərbaycanın həmişə Gürcüstanın inkişafının, firavanlığının və sabitliyinin tərəfdarı olması hamıya məlumdur. Dövlətlərimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə çatdırılması regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək edir. Eyni zamanda, Azərbaycan qardaş Gürcüstan dövlətinin inkişafına, orada əmin-amanlığın və firavanlığın təmin olunmasına həmişə öz töhfəsini vermişdir. Dövlətimiz Gürcüstanın ərazi bütövlüyünə dərin hörmət bəsləyir və ölkədə baş verən siyasi prosesləri diqqətlə izləyir. Çünki strateji enerji layihələri və nəqliyyat dəhlizləri ilə Azərbaycana bağlı olan Gürcüstanda ictimai-siyasi sabitliyin olması regional rifahın qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında Prezident İlham Əliyevin Gürcüstanın dəyərli dostu olduğunu və Azərbaycan Prezidentinin buraya səfəri hər zaman Gürcüstan üçün böyük şərəf olduğunu söyləyib. Baş nazir qeyd edib: “Biz fürsətdən istifadı edərək ikitərəfli münasibətlərimizi və regiondakı prosesləri müzakirə etdik”. Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx bağlı ölkələr olub və bunun məntiqi davamı odur ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur.
“Şadam ki, bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə çox dinamik şəkildə iştirak edir”, – deyə Baş nazir vurğulayıb.
Bir sözlə, əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına şərait yaradacaq. Eyni zamanda, Gürcüstan–Azərbaycan əlaqələri və birgə iqtisadi layihələr regional əməkdaşlığın və mehriban qonşuluğun mühüm nümunəsidir.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor





















