ABŞ-nin maliyyə naziri Skot Bessent təhlükəsizlik səbəbindən ailəsi ilə birlikdə Vaşinqtondakı yaşayış yerini tərk edərək hərbi bazaya köçüb.
Korrekt.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ kəşfiyyatı İran tərəfindən hazırkı və keçmiş yüksəkvəzifəli amerikalı rəsmilərə qarşı mümkün təhdidlərdən narahatdır. Bu səbəbdən Skot Bessentin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onun yaşayış yeri dəyişdirilib.
ABŞ Maliyyə Nazirliyinin sözçüsü nazirin başqa ünvana köçürüldüyünü təsdiqləyib. Lakin təhlükəsizlik tədbirinin konkret səbəbləri, təhdidlərin xarakteri və onların nə dərəcədə ciddi olduğu barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, İran daha əvvəl amerikalı rəsmilərə qarşı hücumların planlaşdırılmasında iştirak etməsi ilə bağlı irəli sürülən ittihamları rədd edib.





















