image-1backend

Əbu-Dabidə gözlənilməz qarşılaşma: Budanov onu öldürməkdə ittiham etdiyi şəxslə üz-üzə gəldi

image-ads-728x90

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Əbu-Dabidə keçirilən Rusiya-Ukrayna danışıqları zamanı 2019-cu ildə ona qarşı sui-qəsd cəhdinin təşkilində şübhəli bilinən Rusiya nümayəndə heyətinin üzvü Dmitri Minayevlə görüşüb.

Korrekt.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb.

Məlumata görə, görüş noyabrın 10-da Əbu-Dabidə yerləşən “Emirates Palace Mandarin Oriental” hotelində baş tutub. Ukrayna kəşfiyyatının iddiasına əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əks-kəşfiyyat strukturunda yüksək vəzifə tutan Dmitri Minayev yeddi il əvvəl Budanova qarşı sui-qəsd cəhdinin təşkilində iştirak edib.

Nəşrin jurnalistləri görüş zamanı Budanovun davranışına da diqqət çəkiblər. Bildirilir ki, Ukrayna rəsmisi rusiyalı həmkarı ilə qarşılaşarkən vəziyyətə istehzalı münasibət nümayiş etdirib.

Rusiyanın Əbu-Dabidəki nümayəndə heyətində Ukraynaya qarşı fəaliyyət göstərən xüsusi xidmət orqanları ilə əlaqəli iki yüksək vəzifəli FTX rəsmisi də təmsil olunub.

Onlardan biri Dmitri Minayev, digəri isə FTX-nin Beşinci Xidmətinin rəhbəridir.

Rusiya nümayəndə heyətinin digər üzvləri arasında Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski və hərbi kəşfiyyat general-leytenantı Aleksandr Zorin də olub.

Maraqlı məqamlardan biri isə nümayəndə heyətinin üç üzvünün müasir Ukrayna ərazisindən olması, lakin sonradan Rusiyanın dövlət və təhlükəsizlik strukturlarında karyera qurmasıdır.

“Le Monde”un məlumatına görə, təxminən dörd saat davam edən müzakirələrdə tərəflər nəzərəçarpacaq irəliləyiş əldə edə bilməyiblər.

Rusiya tərəfi atəşkəs tələbinə qarşı mövqeyini davam etdirib.

Əbu-Dabidə keçirilən görüşlər ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə müharibənin dayandırılması yollarının müzakirəsinə həsr olunub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki