Dünən bəşər tarixinin önəmli siyasi xadimlərindən biri olan, müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün vəfatının növbəti ildönümü idi. Bütün türk dünyası bu tarixi şəxsiyyətin xatirəsini anır, xidmətlərini dəyərləndirirdi.
Yalnız Türkiyənin özündə bu böyük insanla bağlı haçalanmış fikirlər vardı: cümhuriyyətçilər bir tərəfə olmuşdu, klerikal qüvvələr, xilafətçilər bir yana.
İkincilər uzun illərdən bəri toparlanaraq, mütəşəkkil halda Atatürkə, dünyəvi dövlət quruluşuna, cümhuriyyət dəyərlərinə müqavimət göstərəcək, onları təftiş edəcək bir gücə çevrildiklərini göstərirdilər.
Onlar 103 il qabaq elan olunmuş Türkiyə Cümhuriyyətini bəyənmir, Osmanlı imperiyasının süqutunu, islam xilafətinə rəhbərliyin türklərin əlindən çıxmasını xəyanət sayır, böyük Atatürkə, onun layiq olmadığı böhtan və iftiraları dilə gətirirlər.
Ən ümdəsi budur ki, onlar bu iddiaları səsləndirərkən ifrata varır, böyük şəxsiyyətə həqarətlər yağdırır və obyektiv gerçəklikləri gözardı edirlər.
Tarixi gerçəklik isə budur: Atatürk Osmanlı xanədanına qarşı xalq üsyanı təşkil edəndə o boyda imperiya darmadığın vəziyyətdə idi, dövlətin idarəçiliyi, müasir terminlərlə desək, avtopilot rejiminə qoyulmuşdu.
Osmanlı dövləti 1915-ci ildən başlayaraq nəinki öz müstəmləkələrini, hətta öz indiki ərazisinin də xeyli hissəsini itirmişdi və onları geri almaq gücü, iqtidarı, hətta niyyəti də yox idi.
Həmin dövrdə Türkiyənin işğala uğramış ərazilərinə baxaq:
İstanbul vilayəti – Əvvəlcə de-fakto (1918), sonra isə rəsmi olaraq (1920) müttəfiq dövlətlər (Britaniya, Fransa, İtaliya) tərəfindən işğal edilmişdi. İstanbulu ingilis hərbçilər idarə edirdi.
Bursa vilayəti – Yunanıstanın qoşunları tərəfindən işğal edilmişdi.
Aydın vilayəti – İzmir, Manisa, Aydın şəhərləri yunanların əlindəydi.
Adana vilayəti – Əvvəlcə Britaniya, sonra Fransa qoşunları tərəfində işğal olunmuşdu, bölgədə erməni legionları at oynadırdı.
Hələb vilayətinin şimal rayonları – Antep, Maraş, Urfa (İndiki Qaziantep, Kahramanmaraş və Şanlıurfa) əvvəlcə Britaniya, sonra Fransa qoşunları tərəfindən tutulmuşdu.
Mosul vilayəti – Mudros barışığından dərhal sonra Britaniyanın idarəçiliyiə keçmişdi.
Kastamonu vilayəti – Zonquldak bölgəsi Fransanın əlindəydi, mədən hövzəsinə fransızlar nəzarət edirdi.
Trabzon vilayəti – Samsunda və Qara dəniz sahili boyunca strateji nöqtələr Britaniya dəstələrinin nəzarəti altındaydı.
Konya vilayəti – Konya və ətrafındakı dəmir yolu xətləri İtaliya qoşunları tərəfindən tutulmuşdu.
Diyarbəkir və Mamurat əl-Əziz (Elazığ) vilayətləri – bu vilayətlərin cənub sərhədləri və strateji nöqtələri (məsələn, Mardin) Britaniya/Fransa tandeminin təhdidləri altındaydı.
Ədirnə vilayəti (Şərqi Trakya) – Yunanıstan tərəfindən işğal edilmişdi.
İndi sual çıxa bilər: Bəs geriyə nə qalmışdı? Demək olar ki, heç nə. Bu vəziyyət dəyişməsə müasir Türkiyə dövləti ya ümumiyyətlə olmayacaqdı, ya da müasir Suriya kimi əldən-ələ keçən, sabitliyin nə olduğunu bilməyən bir şey olacaqdı.
Atatürk və onun silahdaşları kəfənlərini boyunlarına dolayaraq, barələrində çıxarılmış edam cəzasına etina etməyərək, Türkiyəni hörümçək toruna salmış dövlətlərin caynağından qurtarıb.
Təsəvvür edin ki, o dövrdə Türkiyənin üstünə uzaq Avstraliyadan da hərbi kontingent gətirilib və məqsəd bu türk dövlətini nəinki İstanbuldan, eləcə də bütün dənizlərin sahillərindən, hətta Anadolu yarımadasından qovmaq, ən yaxşı halda vassala çevirmək olub.
O zaman bunu etmək o qədər də çətin deyildi. Çünki həmin vaxt Türkiyənin ümumi əhalisi 13 milyon civarındaydı, həm də əhalinin 95 faizdən artığı oxuma-yazma bilmirdi.
Atatürk sıfırdan bir dövlət qurmağa, yeni bir cəmiyyət formalaşdırmağa məcbur idi və o, bunu böyük əzab-əziyyətlər, zəhmətlər çəkərək edirdi.
İndi teokratik-xilafətçi qüvvələr deyirlər ki, Atatürk İslama qarşı fəaliyyət göstərəib. Tamamilə iftiradır. Hazırkı Dini İşlər İdarəsi (Diyanet İşleri Başkanlığı) 1924-cü ildə Atatürkün iradəsi ilə qurulub.
Din xadimlərinin kütləvi edamına gəlincə, bir dənə belə fakt yoxdur. Sadəcə, dövlətə qarşı silah qaldıran, üsyan təşkil edən və buna görə cəzalandırılan şəxslərin içində özünü din xadimi elan edənlər də olub. Ancaq onların dövlətə və xalqa qarşı törətdikləri cinayət tam sübut olunub.
Məsələn, üsyançılar Menemen rayonunda Kubilay adlı dövlət qulluqçusunun başını kəsiblər və bu cinayəti törədənlər ciddi şəkildə cəzalandırılıb. Başqa necə ola bilərdi ki? Atatürk deməliydi ki, yaxşı iş görmədiniz, bir daha etməyin?
Atatürkə qarşı olanların bir “tutarlı” arqumenti də var: “Diktator idi”.
Söhbət ötən əsrin 30-cu illərindən gedir. SSRİ-də hakimiyyətdə Stalin idi, Almaniyada – Hitler, İtaliyada – Mussolini, İranda – şah Pəhləvi, İspaniyada – Franko, Portuqaliyada – Salazar, Yunanıstanda Metaksas, ABŞ-də – ölkə tarixində 4 dəfə prezident seçilən yeganə adam olan Franklin Ruzvelt. Bunların hamısı demokrat idi, təkcə Atatürk diktator idi? Yüngülvari araşdırma kifayət edir ki, görəsən, öz dövrünün adın çəkilən və çəkilməyən dövlət başçılarının arasında ən ədalətlisi, xoşməramlısı, mötədili elə Atatürk olub.
Onun dönəmində parlament gerçəkdən də iradə sahibi olub və Atatürk dövləti idarə edərkən parlamentin rəyini nəzərə alıb, onun icazəsi olmadan taleyüklü qərarlar verməyib. Hətta cümhuriyyət yeni qurulduğu vaxt bəzi deputatlar qanun layihəsi hazırlayıblar ki, müasir Türkiyənin ərazisindən kənarda doğulan şəxslər ölkədə yüksək vəzifə tutmaq hüququndan məhrum edilsin. Bu qanun keçsə, Səlanikdə doğulmuş Atatürk dövlət vəzifəsi tutmaq hüququnu itirəcəkdi. Ancaq onun tərəfdarları bu qanunun qarşısını alıblar. Karyerası deputatların səsindən asılı olan şəxsə indi diktator deyirlər.
Əsas məsələ odur ki, bu şəxs Türkiyə dövlətinin atasıdır. Osmanlı xanədanlığı öz dövranını sürmüş, özünü tam yıpratmış, xalqı sahibsiz buraxmışdı. Başı hərəmxana intriqalarına, ildə gənc bir zövcə almağa qarışmış sultanlar dövrün çağırışlarına cavab verə bilmirdilər. Dövlətin özü də, idarəetməsi də yenilənməli, müasirləşməliydi və bu ağır işi görən kişi Atatürk olub.
Cümhuriyyətin necə böyük bir dəyər olduğunu isə Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımın sadə sözlərindən də anlamaq olar. 5-6 il öncə Binəli bəy jurnalistin sorğusuna cavab olaraq demişdi: “Cümhuriyyət olmasaydı, ərzincanlı topal Dursunun oğlu Binəli Türkiyənin baş naziri ola bilərdimi?”
Uzun sözün kəsəsi, hər zaman Mustafa Kamalın qədrini bilmək, xətrini əziz tutmaq lazımdır. Çox adam ona “paşa” deyir, amma Atatürk yüzlərlə paşaya (general) komandanlıq edən marşal olub.





















