Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Vaxtilə separatizmin mərkəzi olan Xankəndinin bu gün Azərbaycanın suverenliyinin, milli qürurunun və tarixi ədalətin bərpasının simvoluna çevrilməsi dövlətimizin qazandığı tarixi nailiyyətlərin bariz ifadəsidir.
Prezident İlham Əliyevin illər əvvəl səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida!” bəyanatı xalqımızın milli iradəsinin və dövlətimizin prinsipial mövqeyinin ifadəsi idi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərpa olunması həmin tarixi bəyanatın məntiqi yekununu təşkil edib. Beləliklə, bu bəyanatın tarixi təsdiqi məhz Xankəndidə öz əksini tapıb.
Dövlətimizin başçısının müraciətində Xankəndidə vaxtilə separatçıların yerləşdiyi inzibati binanın Zəfər Muzeyinə çevrilməsi ilə bağlı fikirlərin mühüm əhəmiyyət daşıyır. Prezidentin həmin binanı “şeytan yuvası” adlandıraraq 2023-cü ilin oktyabrında oraya daxil olarkən ilk növbədə pəncərələri açdığını xatırlatması tarixi məkanın dəyişən mahiyyətini simvolizə edir. Bu binada Zəfər Muzeyinin yaradılması keçmişin ağrılı xatirələrinin xalqımızın qəhrəmanlıq tarixini yaşadan məkana çevrilməsi baxımından əhəmiyyətlidir. Müharibə və separatizm dövründə törədilmiş cinayətlərdə təqsirləndirilən şəxslərin Bakıda məhkəmə qarşısına çıxarılması isə hüquqi məsuliyyət prinsipinin təmin olunmasının göstəricisidir.
Azərbaycanın tarixi Qələbəsinin təməlində 2020-ci ilin 44 günlük Vətən müharibəsində nümayiş etdirilən hərbi qüdrət, siyasi iradə və xalq-ordu birliyi dayanır. Müharibə zamanı 300-dən çox şəhər və kəndin işğaldan azad edilməsi, noyabrın 8-də Şuşanın düşmən işğalından azad edilməsi hərbi əməliyyatların taleyini həll edib. Ermənistanın məğlubiyyəti qəbul etməsindən sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da əlavə döyüşlər aparılmadan Azərbaycana qaytarılıb.
Bu möhtəşəm Qələbə təsadüfi deyil, Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi, ordunun müasir silahlarla təchiz edilməsi və hərbi qulluqçuların peşəkarlığının artırılması tarixi Zəfərin əsasını formalaşdırıb. Bununla yanaşı, xalqımızın yüksək milli ruhu, həmrəyliyi və Vətənə sonsuz məhəbbəti Qələbəni şərtləndirən başlıca amillərdən olub.
Bu gün Azərbaycan yalnız hərbi Qələbəsi ilə deyil, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə də yeni tarix yazır. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa edilir, tarixi-mədəni abidələr bərpa olunur. Böyük Qayıdış Proqramı çərçivəsində 100 minə yaxın insanın azad edilmiş ərazilərdə yaşaması və çalışması ilə bağlı göstərici Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinin miqyasını əks etdirir.
Azərbaycanın qazandığı uğurların mənəvi təməlində azərbaycançılıq məfkurəsi dayanır. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində mühüm yer tutan bu ideologiya ölkəmizdə yaşayan müxtəlif xalqların və dini icmaların vahid Vətən, ortaq dəyərlər və ümummilli məqsədlər ətrafında birləşməsində mühüm rol oynayır.
Bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi baxımdan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir. Qarşıda duran əsas strateji vəzifə əldə olunmuş qüdrəti daha da artırmaq, ölkənin təhlükəsizliyini və davamlı inkişafını təmin etməkdir.
Prezident İlham Əliyevin Xankəndidən səsləndirdiyi mesajın əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın Zəfəri yalnız keçmişin tarixi nailiyyəti deyil, həm də güclü, müstəqil və firavan gələcəyimizin möhkəm təməlidir. Xalqımızın birliyi, dövlətimizin qüdrəti və milli iradəmiz bu gələcəyin ən böyük təminatıdır.
Həbib Məmmədov – müharıbə veteranı, polkovnik




















