Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Türkiyə və Azərbaycan arasındakı strateji enerji əməkdaşlığını və bu sahədə atılan addımlar barədə danışıb.
Korrekt.az xəbər verir ki, nazir Azərbaycanı Türkiyənin təbii qaz tədarükündəki kritik tərəfdaş olaraq qeyd edib. Bayraktar, ölkəsinin artan enerji tələbatını qarşılayarkən, xarici mənbələrdən qaz idxalına da diqqət yetirdiklərini, bununla yanaşı, yerli qaz istehsalını artırmaq üçün də səylərini davam etdirdiklərini bildirib. 2026-cı ilin, yerli qaz istehsalının artacağı bir il olacağını qeyd edib və Azərbaycandan qaz idxalını daha da gücləndirmək məqsədilə 2029-cu ildən sonrakı dövrü əhatə edən yeni bir sazişin imzalandığını açıqlayıb.Türkiyənin enerji və təbii qaz təchizatında Azərbaycanla olan əməkdaşlığını vurğulayan Bayraktar, iki ölkə arasındakı əməkdaşlığın Türkiyənin enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfəni xüsusi olaraq qeyd etdi.
Bayraktar belə deyib:
“Türkiyənin artan təbii qaz tələbi və ehtiyacı var. Biz bunu qarşılamaq üçün bir çox addımlar atırıq. Əvvəlcə öz qazımızı axtarıb tapmağa çalışırıq; tapdığımız qazı, Sakarya Qaz Sahəsi kimi yerlərdə artırmağa yönəlmişik, amma bu məsələyə dair daha detallı danışa bilərik, xüsusilə son vəziyyətlə bağlı. Öz qazımızın istehsalını artırmağa fokuslanırıq. 2026-cı il bu baxımdan çox əhəmiyyətli bir il olacaq; öz qazımızın əhəmiyyətli bir miqdarda artacağı bir il olacaq. Lakin, başqa tərəfdən də, xaricdən idxal etdiyimiz qaz mənbəyini ən uyğun və ən ucuz şəkildə təmin etməyə, həmçinin təchizat təhlükəsizliyini ən yaxşı şəkildə qorumağa çalışırıq.”
“Bu səbəbdən, Azərbaycan bizim uzun illərdir qaz tədarük etdiyimiz çox vacib bir ölkədir. Bir çox aspektdə çox strateji investisiyaları birlikdə həyata keçirdik. Bakı-Tiflis-Erzurum və TANAP boru xətləri ilə də biz Azərbaycandan əhəmiyyətli miqdarda qaz alırıq. İndi isə 2029-cu ildən sonrakı dövrü əhatə edəcək bir sazişi imzaladıq və bu sazişin həcmi 2,25 milyard kubmetr olacaq. Bu sazişi yanvar ayının əvvəlində imzaladıq və artıq həyata keçirmişik.”- deyə Alparslan Bayraktar bildirib.





















