image-5backend

Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut edib  

image-ads-728x90

Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir.

Genişmiqyaslı hadisə –  enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfənin təzahürüdür. Belə ki, iyunun 1-də regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi öz işinə başlayıb. Bakı Ekspo Mərkəzində təşkil edilən Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u.

Xatırladaq ki, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 24-də keçirilən “Xəzər Neft və Qaz” sərgisi bundan sonra ənənəvi hal alıb. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın müxtəlif ökələrindən çoxsaylı şirkərlər və minlərlə  ziyarətçini cəlb edib.

Bu il 44 ölkədən 274 şirkətin iştirakı ilə keçirilən sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev bu mötəbər tədbirlərdə iştirak edərək çıxış edərək bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu. “Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, – deyə dövlətimizin başçısı əlavə edib.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. “Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq”, – deyə Prezident əlavə edib.

Bildirilib ki, bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var. Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.

Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirb ki, bu gün dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilib.

Ölkəmiz də “yaşıl enerji” istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.

Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində “yaşıl enerji zonası” modelinin uğurla tətbiqi ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da “yaşıl enerji zonası” elan edilməsinə zəmin yaratmışdır. “Əminəm ki, “Bakı Enerji Həftəsi” bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir” – deyə dövlətimizin başçısı bildirib.

Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində xüsusi çəkisi olan ölkələr sırasında yer alır. Azərbaycan davamlı surətlə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşa çevrilib.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki