image-3backend

Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə

image-ads-728x90

Prezident İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. İmzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki qardaş ölkə arasında əməkdaşlığın hüquqi və siyasi bazasını strateji tərəfdaşlıqdan daha yüksək – müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Türk dünyasının siyasi inteqrasiyası baxımından tarixi əhəmiyyət daşıyır.

Azərbaycan son illərdə Türk Dövlətləri Təşkilatı daxilində institusional inteqrasiyanı gücləndirir, münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir. Çolpon-Atada imzalanan Müttəfiqlik Müqaviləsi qarşılıqlı etimada, suverenliyə hörmətə, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və humanitar sahələrdə uzunmüddətli əməkdaşlığa əsaslanan yeni siyasi platforma formalaşdırır.

Azərbaycan və Qırğızıstan arasında imzalanan sənədlər investisiya, energetika, nəqliyyat, logistika, statistika, maliyyə bazarları və rəqəmsal təhlükəsizlik kimi mühüm sahələri əhatə edir. Xüsusilə Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsi barədə İkinci Əlavə Saziş iki ölkə arasında birgə investisiya layihələrinin maliyyələşdirilməsi baxımından çox əhəmiyyətlidir. Bu fond gələcəkdə sənaye, kənd təsərrüfatı, logistika, turizm və istehsal sahələrində iri layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

Qırğızıstanda imzalanan sənədlər arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında sazişlər xüsusi diqqət çəkir. Bu sənədlər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca yükdaşımaların daha da genişləndirilməsinə xidmət edəcək. Azərbaycan Xəzər dənizinin qərb sahilində, Qırğızıstan isə Mərkəzi Asiyanın mərkəzində yerləşərək Avropa ilə Asiya arasında mühüm tranzit mövqeyə malikdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər üzərindən həyata keçirilən multimodal daşımalar Qırğızıstan üçün Avropa bazarlarına çıxış imkanlarını daha da artırır. Eyni zamanda, yükdaşımalar, logistika və rəqəmsal nəqliyyat həlləri üzrə imzalanan memorandumlar Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verəcək.

Energetika sahəsində əməkdaşlığa dair memorandum və 2026–2028-ci illəri əhatə edən Yol Xəritəsi neft məhsullarının tədarükü, enerji təhlükəsizliyi və gələcək yaşıl enerji layihələri üçün hüquqi baza yaradır. Bununla yanaşı, kibertəhlükəsizlik, maliyyə bazarlarının tənzimlənməsi və statistika sahəsində imzalanmış memorandumlar iqtisadi münasibətlərin rəqəmsal transformasiyasına xidmət edən mühüm addımlar hesab olunur.

Səfər çərçivəsində Şuşa–Çolpon-Ata, Qəbələ–Karakol və Gəncə–Oş şəhərləri arasında qardaşlaşma haqqında memorandumların imzalanması münasibətlərin humanitar ölçüsünü daha da gücləndirir. Bu təşəbbüs turizm, təhsil, mədəniyyət, gənclər siyasəti və yerli idarəetmə sahələrində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Xüsusilə Şuşa və Çolpon-Ata arasında əməkdaşlıq Türk dünyasının iki mühüm mədəniyyət mərkəzinin əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Dövlət səfəri nəticəsində əldə olunan razılaşmalar yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda, Orta Dəhlizin inkişafı, regional ticarətin genişlənməsi, investisiya axınının artırılması və Türk dünyasının vahid iqtisadi məkan kimi formalaşması istiqamətində mühüm strateji töhfə verir. Azərbaycan–Qırğızıstan müttəfiqliyi bununla da Türk dünyasında siyasi həmrəyliklə yanaşı, iqtisadi inteqrasiyanın da yeni mərhələsinin əsas sütunlarından birinə çevrilir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki