image-3backend

Azərbaycanda keçirilən növbəti   tədbir  ölkəmizə böyük etimadın nümayişidir

image-ads-728x90

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlət başçısı  İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.

İyunun 1-də  Bakıda öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində dövlət başçısı İlham Əliyev bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu. “Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, – deyə dövlətimizin başçısı əlavə edib.

Tədbirdə  44 ölkədən 274 şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.

Dövlət başçısı İlham Əliyev tədbirin sərgilərinin açılış mərasimində bildib ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. “Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq”, – deyə Prezident əlavə edib.

Prezident İlham Əliyev tədbirin açılış mərasimindəki çıxışında qeyd edib ki, bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.

Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.

Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq. Düzgün enerji siyasətinin bizə indi Azərbaycandan kənara investisiya qoymağa imkan verdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb: “30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya isə böyüyəcək”.

Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik. Qara dəniz enerji kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya, Macarıstana və bir çox başqa ölkələrədək uzanacağını qeyd edən dövlətimizin başçısı digər layihə olan Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də həyata keçirilmə mərhələsində olduğunu diqqətə çatdırıb.

Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.

“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.

Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirb ki, bu gün dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilib.

Ölkəmiz də “yaşıl enerji” istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.

Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində “yaşıl enerji zonası” modelinin uğurla tətbiqi ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da “yaşıl enerji zonası” elan edilməsinə zəmin yaratmışdır. “Əminəm ki, “Bakı Enerji Həftəsi” bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir” – deyə dövlətimizin başçısı bildirib.

Beləliklə qeyd etmək lazımdır ki, Azərbaycanda keçirilən növbəti mötəbər tədbir  ölkəmizə və  Prezident İlham Əliyevə böyük etimadın nümayişidir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

 

 

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki