image-1backend

Azərbaycanda MƏŞHUR ABİDƏDƏN BU QƏDƏR QIZIL PUL TAPILIB!  

image-ads-728x90

2023-cü ilin noyabrında İsmayıllının Lahıc və Basqal qəsəbələri arasında yerləşən, IX–XII əsrlərə aid Niyal qalası abidəsinin Qərb bürcündə qanunsuz qazıntı işlərinin aparıldığı aşkarlandı.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına görə, ərazi dövlət mühafizəsində olsa da, “dəfinə” ümidi ilə aparılan bu qazıntılar qalanın divarlarının uçurulması ilə nəticələndi.

2025-ci ilin fevral-mart aylarında yenidən davam etdirilən qazıntılar zamanı iki nəfər hadisə yerində saxlanıldı. Nəticədə qalanın ön hissəsindən 5,38 metr, arxa hissəsindən isə 2 metr uzunluğunda divar dağıdıldı. Cinayət işi məhkəməyə göndərilib və təqsirləndirilən şəxsləri azadlıqdan məhrumetmə cəzası gözləyir. Qızıl “qızdırması” Niyal qalasında divarların dibinin qazılması ilə məhdudlaşmır.

Korrekt.az  xəbər verir ki, Niyal qalasında baş verənlər Azərbaycanda illərdir davam edən, lakin çox zaman kölgədə qalan bir problemin, dəfinə ovçuluğunun növbəti təzahürüdür.

Xalq arasında dolaşan rəvayətlərə görə, Azərbaycanın dağlarında, qədim qalalarında, viranə məkanlarında küp-küp qızıl, sandıq dolusu xəzinələr gizlədilib. Bu miflər nəsildən-nəslə ötürülür, sosial şəbəkələrdə şişirdilir, nəticədə isə bir qrup insan qısa yolla varlanmaq xülyası ilə tarixi abidələrə bel vurur.

Reallıq tam fərqlidir. Azərbaycanda elmi şəkildə, arxeoloji qaydalarla aşkar edilmiş dəfinələrin böyük əksəriyyəti gümüş və mis sikkələrdən ibarət olub. Qızıl tapıntılar nadirdir və miqyas baxımından əfsanələrdəki kimi tonlarla qızıldan söhbət getmir. Məsələn, indiyədək rəsmi elmi mənbələrdə ən çox qızıl çıxan dəfinə kimi 2012-ci ildə Ağsu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş 37 ədəd qızıl sikkə göstərilir. Bu sikkələr XVIII əsrə aid Hollandiya dukatları idi və hamısı dövlət fonduna təhvil verilmişdi. Yəni elmi faktlar göstərir ki, dəfinə ovçularının xəyal etdiyi böyük qazanc demək olar ki, mövcud deyil. Amma buna baxmayaraq, qanunsuz qazıntılar dayanmır.

Maraqlıdır ki, Azərbaycanda qızıl və metal axtarma cihazları, başqa sözlə, metal detektorlar açıq şəkildə satılır. İnternetdəki elan saytlarında, sosial şəbəkələrdə və hətta bəzi mağazalarda bu cihazları rahatlıqla tapmaq mümkündür. Qiymətlər isə olduqca geniş diapazondadır. Ən sadə, hobbi məqsədli metal detektorları 120-200 manat civarından başlayır. Bu cihazlar əsasən torpaq səthinə yaxın metalları aşkar edir və texniki imkanları məhduddur. Bir qədər təkmilləşdirilmiş modellər 300-500 manat aralığında satılır və qızıl tapmaq iddiası ilə reklam olunur.

Peşəkar seqmentdə isə qiymətlər kəskin artır. Orta səviyyəli, dərinlik və metal ayırdetmə funksiyası olan cihazlar 2-3 min manat civarındadır. Daha iddialı, xaricdən gətirilən və yerin bir neçə metr dərinliyini göstərdiyi deyilən qurğuların qiyməti isə 10-20 min manata qədər yüksəlir. Bu cihazların satışı formal olaraq qanunsuz deyil. Lakin problem onların harada və hansı məqsədlə istifadə edilməsidir. Qanuna görə, arxeoloji abidələrdə icazəsiz qazıntı aparmaq cinayətdir. Amma açıq satışda olan bu cihazlar, faktiki olaraq, dəfinə ovçularının əlini gücləndirir.

Dəfinə ovçularının əsas arqumenti 1 dəfə tapacaqları dəfinə ilə həyatlarını dəyişmək imkanıyla ifadə olunur. Lakin statistika və təcrübə göstərir ki, bu axtarışların böyük əksəriyyəti boş torpaq, dağıdılmış divar və cinayət işi ilə bitir. Qazanc ehtimalı son dərəcə aşağıdır, amma zərər tam realdır. Bir qanunsuz qazıntı tarixi abidəni məhv edir, arxeoloji qatları geri dönməz şəkildə dağıdır, gələcək elmi tədqiqat imkanlarını yox edir. Dövlətə və cəmiyyətə isə maddi və mənəvi ziyan vurur. Niyal qalasında bu ziyan yaxşı ki, bir neçə metr divarın uçurulması ilə məhdudlaşıb. Qızıl “qızdırması” bütöv bir tarixi məkanın silinməsi ilə də nəticələnə bilərdi.

Azərbaycanda “dəfinə” axtarışı ətrafında formalaşmış romantik miflər real faktlarla uzlaşmır. Torpağın altından çıxan qızıl son dərəcə azdır, amma torpağın üstündə qalan dağıntılar göz önündədir. Qızıl axtarma cihazlarının açıq satışda olması bu problemi daha da dərinləşdirir, çünki hər cihaz satışı potensial olaraq yeni bir tarixi abidəyə yeni təhlükədir.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki