“Mercedes-Benz” şirkətinin Azərbaycandakı fəaliyyəti və Zəfər Günü ilə bağlı mövqeyi ətrafında daha maraqlı faktlar ortaya çıxıb.
Korrekt.az-ın daha əvvəl apardığı araşdırma zamanı məlum olmuşdu ki, Azərbaycanda geniş müştəri auditoriyasına malik olan “Mercedes-Benz” markasının yerli rəsmi nümayəndəliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı sosial şəbəkə hesablarında heç bir paylaşım etməyib. Azərbaycanın minlərlə, on minlərlə vətəndaşının müştərisi olduğu bir brendin fəaliyyət göstərdiyi ölkənin ən mühüm dövlət bayramlarından birinə münasibətdə susqun qalması diqqət çəkmişdi.
Lakin məsələ bununla bitmir.
Araşdırma zamanı məlum olur ki, 2020-ci ildə, İkinci Qarabağ müharibəsi dövründə “Mercedes-Benz”in Ermənistan nümayəndəliyinin sosial şəbəkə hesablarında Ermənistan ordusuna dəstək xarakterli paylaşımlar yer alıb.
Bundan başqa, 2020-ci il noyabrın 1-də yayılan məlumatlarda “Mercedes-Benz”in Ermənistandakı nümayəndəsi “Avangard Motors”un Ümumerməni Fonduna 50 milyon dram (təxminən 100 min dollar) ianə etdiyi bildirilib.
Beləliklə, bir tərəfdə müharibə dövründə Ermənistan ordusuna dəstək xarakterli paylaşım edən və ianə ayırdığı barədə məlumatlar yayılan Ermənistan nümayəndəliyi, digər tərəfdə isə Azərbaycanın Zəfər Günü ilə bağlı sosial şəbəkə hesablarında susqun qalan yerli nümayəndəlik var.
Ortaya ciddi sual çıxır: Azərbaycan bazarında fəaliyyət göstərən, bu ölkənin istehlakçılarından gəlir əldə edən beynəlxalq brendin yerli nümayəndəliyi ölkənin ən əlamətdar günlərindən birinə niyə diqqət ayırmır?
Xatırladaq ki, “Mercedes-Benz” markalı avtomobillərin Azərbaycandakı rəsmi nümayəndəliyi “Avtokapital-Azərbaycan” MMC-dir. MMC-nin Rəhbəri Orxan Hacıyevdir.
Məsələ ilə bağlı “Mercedes-Benz”in Azərbaycandakı nümayəndəliyinin mövqeyini dərc etməyə hazırıq.Tribuna.az






















