Müstəqilliyin ilk illərində Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri böyükdür. Onun iradəsi sayəsində ölkələrimiz arasında 1995-ci ildə Dostluq və Əməkdaşlıq Haqqında Müqavilə imzalanıb və bu sənəd siyasi-iqtisadi, humanitar əlaqələrin inkişafı üçün dərin təməl qoymuşdu. Məhz Ulu Öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə nüfuzlu söz sahibinə çevrilməsini təmin edib.
İyulun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gəlib. Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovla təkbətək görüşü, iki dövlət başçılarının iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib. Daha sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iki dövlət başçılarının iştirakı ilə mübadiləsi mərasimi olub. Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.
Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf yolu keçərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimada əsaslanan fəal siyasi dialoq, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin səmərəli fəaliyyəti, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli əlaqələrin strateji məzmununu daha da gücləndirib.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şuranın 3-cü iclası siyasi dialoqun daha da möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Türk dünyasında inteqrasiyanın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Qırğızıstanı ortaq tarix, dil və mədəni dəyərlər birləşdirir. Bu baxımdan humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz hissəsidir. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. Xıdırlıda tikilən Ayköl Manas adına məktəb də məhz bu humanitar əməkdaşlığın ən uğurlu nümunələrindən biri hesab olunur.
Mədəni-humanitar əməkdaşlıq da münasibətlərin ayrılmaz hissəsi olaraq inkişaf etdirilir. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahələrində birgə layihələrin həyata keçirilməsi xalqlar arasında qarşılıqlı etimadın və yaxınlığın möhkəmlənməsinə xidmət edir.
Qırğız tərəfinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirakına verilən yüksək qiymətdir. Xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisi iki ölkə arasında dostluq və həmrəyliyin praktik ifadəsi kimi dəyərləndirilir. Bu layihə təkcə sosial infrastrukturun inkişafına deyil, həm də qardaş ölkələrin xalqları arasında humanitar bağların daha da möhkəmlənməsinə xidmət edir.
Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisinin xüsusi qeyd olunması təkcə həyata keçirilən sosial layihəyə verilən qiymət deyil. Bu, eyni zamanda, Türk dünyasında qarşılıqlı həmrəyliyin və qardaşlığın real ifadəsi kimi dəyərləndirilir. Müasir standartlara uyğun inşa olunan məktəb bölgənin təhsil infrastrukturunun inkişafına mühüm töhfə verməklə yanaşı, iki xalq arasında dostluğun gələcək nəsillərə ötürülməsinin də rəmzinə çevrilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrinə dost ölkələrin qoşulması həmin ərazilərin beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini də göstərir.
Aynur Xəlilova – politoloq





















