Son günlər Bakı şəhərində taksi xidmətinin qiymətlərində kəskin artım hiss olunur.
Həm qısa məsafədə, həm də uzaq məsafədə gedişlərdə qiymət artıb.
Onların sözlərinə görə, eyni məsafə üçün 10 gün öncə 6 manat gediş haqqı yazılırdısa, bu günlərdə bu məbləğ 18-19 manata qədər qalxıb.
Sürücülərin cavabı isə maraqlı olub. Onlar qiymət artımını Məhərrəm ayı ilə əlaqələndiriblər.
Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev Musavat.com-a açıqlamasında bildirib ki, bazarda qiymətin 1 həftə-10 gün ərzində 3 dəfəyə qədər artması üçün sadəcə “Məhərrəmlikdir” izahı iqtisadi baxımdan tam kifayət etmir.
Ekspertin sözlərinə görə, bu, ən yaxşı halda tələb-təklif balansına təsir edən amillərdən biri ola bilər:
“Məhərrəmlik dövründə bəzi sürücülər işləməməyi seçə, iş saatlarını azalda və xüsusilə dini mərasim saatlarında xəttə çıxmaya bilər. Əgər bazarda aktiv sürücü sayı azalırsa, eyni sayda sərnişin qalırsa, qiymət alqoritmi avtomatik olaraq artır. Bu, təklifin azalması modelidir. Amma əsas sual sürücü sayının nə qədər azaldığıdır. Məsələn, sürücülərin 10–15%-i bazardan çıxıbsa, qiymətin 2-3 dəfə qalxması artıq şübhəli görünür və belə kəskin artım adətən daha böyük təklif çatışmazlığı və ya digər faktorlarla bağlı olur. Taksi xidmətlərində, xüsusən platforma əsaslı sistemlərdə qiymət çox vaxt dinamik qiymətləndirmə ilə formalaşır: tələb artırsa qiymət yüksəlir, sürücü sayı azalırsa qiymət yüksəlir, bazarda balans bərpa olunanda isə qiymətlər enir. Bunun məqsədi daha çox sürücünü yüksək qiymət hesabına yenidən xəttə cəlb etməkdir. Lakin azad rəqabətin işləməsi üçün bazarda kifayət qədər alternativ və real rəqabət olmalıdır. Əgər bazarda bir neçə platformanın dominant mövqeyi varsa və ya sürücülərin bazara girişində yeni məhdudiyyətlər yaranıbsa, qiymət artımları daha kəskin hiss edilə bilər.
Azərbaycanda qiymət artımına taksi fəaliyyəti üçün tələblərin sərtləşdirilməsi nəticəsində sürücü sayının azalması, yanacaq və texniki xidmət xərclərinin artması, müəyyən saatlarda tələbin yüksəlməsi və platformaların alqoritmik qiymət siyasəti də təsir göstərə bilər. Xüsusilə son illərdə taksi sektorunda qaydaların sərtləşdirilməsi bazardakı avtomobil və sürücü sayını azaltmağa yönəldiyindən bu, orta və uzun müddətdə qiymətlərə yuxarı təzyiq yarada bilər. Nəticə etibarilə, “Məhərrəmliyə görədir” izahı tamamilə əsassız deyil, lakin böyük ehtimalla yalnız tətikləyici amildir”.
Ekspert qeyd edib ki, bir həftə ərzində 3 dəfəlik qiymət artımını yalnız dini dövrə bağlamaq iqtisadi baxımdan zəif izahdır:
“Daha məntiqli ssenari odur ki, bazarda onsuz da sürücü sayı müəyyən səbəblərlə azalmışdı, Məhərrəmlik dövründə əlavə bir hissə də işləmədi və dinamik qiymət alqoritmləri yaranan çatışmazlığı daha kəskin qiymət artımı ilə əks etdirdi. İctimai siyasət baxımından əsas məsələ bazarın özünü tənzimləməsi ilə istehlakçının həddindən artıq qiymət dalğalanmalarından qorunması arasında düzgün balansın tapılmasıdır. Bu hadisənin sağlam qiymətləndirilməsi üçün ən vacib göstərici həmin günlərdə aktiv taksi sürücülərinin sayının neçə faiz azalmasıdır; əgər azalma cüzi olub, qiymətlər isə 2-3 dəfə yüksəlibsə, səbəbi yalnız Məhərrəmliklə izah etmək iqtisadi baxımdan inandırıcı olmaz”.Musavat.com





















