ABŞ-də avtomobil sənayesində ciddi kadr böhranı formalaşır.
Korrekt.az xəbər verir ki, Ford şirkətinin baş icraçı direktoru Jim Farley ölkə üzrə texniki mütəxəssis çatışmazlığının artıq strateji problemə çevrildiyini açıqlayıb.
Onun sözlərinə görə, Ford-un diler və servis mərkəzlərində mexaniklər üçün 5 mindən çox vakant yer açıq qalır. Şirkət bu vəzifələr üzrə illik 120 min dollara qədər maaş təklif etsə də, ixtisaslı kadr tapmaq mümkün olmur. Farley bildirir ki, peşəkar texniki mütəxəssis yetişdirmək üçün təxminən beş il vaxt tələb olunur.
Ford rəhbəri xüsusilə Super Duty pikaplarında dizel mühərriklərinin sökülməsi kimi mürəkkəb işlərin yüksək ustalıq və təcrübə tələb etdiyini vurğulayıb: “Bu işi görmək üçün sadəcə mexanik olmaq kifayət deyil, nə etdiyini dəqiq bilməlisən”.
Farley-nin fikrincə, ABŞ-də mexanik, elektrikçi, santexnik və fövqəladə xidmət əməkdaşları kimi həyati əhəmiyyətli peşələr üzrə kadr hazırlayan peşə məktəblərinin azalması ölkənin gələcəyi üçün ciddi risk yaradır. O, problemi milli təhlükəsizlik kontekstində də dəyərləndirib: “Allah eləməsin ki, müharibə başlasın. Çünki Google bizə lazım olan təyyarə və tankları istehsal edə bilməz”.Musavat.com





















