Politoloq Arzuman Muradlı ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin nəticələri ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, dünyanın iki böyük gücü olan ABŞ və Çin münasibətlərdə yeni oyun qaydalarını müəyyənləşdirməyə çalışır və bu səbəbdən tərəflər arasında keçirilən görüşlər aylar öncədən planlaşdırılır.
” Tramp və Çin lideri Si Cinpin arasında keçirilən görüşlərdən əvvəl əsas mövzular və mümkün razılaşma istiqamətləri müəyyənləşdirilmişdi. Vaşinqtonun Tayvan məsələsində mövqeyini dəyişməyəcəyi əvvəlcədən bəlli idi. ABŞ əvvəlki kimi Tayvanın güc yolu ilə Çinə birləşdirilməsinin əleyhinədir. Bu isə Vaşinqtonla Tayvan arasında hərbi əməkdaşlığın davam edəcəyi anlamına gəlir”, – deyə Arzuman Muradlı bildirib.
Politoloq əlavə edib ki, Pekinin də ABŞ-ın İranla bağlı tələblərinə tam şəkildə cavab verməyəcəyi əvvəlcədən məlum idi. Onun sözlərinə görə, Çin ABŞ-ın “İran nüvə silahı əldə etməməlidir” və “Hörmüz boğazı açıq qalmalıdır” tezisləri ilə formal şəkildə razılaşsa da, Tehran üzərində ciddi təzyiq göstərmək niyyətində deyil.
Muradlı hesab edir ki, Çin əksinə, İran hakimiyyətinin ABŞ təzyiqləri qarşısında zəifləməsinin qarşısını almağa çalışacaq. O bildirib ki, Pekin əvvəlki kimi Tehranla müəyyən kəşfiyyat məlumatlarını paylaşa və imkan daxilində hərbi-texniki dəstək göstərə bilər.
Politoloq vurğulayıb ki, İran və Tayvan məsələləri Vaşinqton və Pekin üçün əsas “qırmızı xətlər” hesab olunur.
“Vaşinqton Tayvan məsələsində Pekinin istəklərini qəbul etməyəcək, Çin isə ABŞ-ın İranla bağlı tələblərini tam yerinə yetirməyəcək”, – deyə o qeyd edib.
Arzuman Muradlı əlavə edib ki, Hörmüz boğazının bağlanması Çinin iqtisadi maraqlarına uyğun deyil. Onun sözlərinə görə, İran Çin üçün nəzərdə tutulan neft tankerlərinin boğazdan keçidinə şərait yaradıb, ABŞ isə həmin tankerlərin hərəkətinə mane olmamağa çalışır.
Politoloq hesab edir ki, Donald Tramp hazırkı mərhələdə Çinlə münasibətlərin yenidən gərginləşməsində maraqlı deyil. O bildirib ki, bu səbəbdən ABŞ Prezidenti insan haqları məsələlərini, xüsusilə uyğur türklərinin vəziyyəti ilə bağlı mövzuları Pekinlə danışıqlarda gündəmə gətirməyib.
Muradlının sözlərinə görə, Trampın Çinə səfərindən əvvəl ABŞ-da fəaliyyət göstərən uyğur təşkilatları Ağ Evə müraciət edərək Si Cinpinlə görüşdə Çində uyğurlara tətbiq edilən məhdudiyyətlərin müzakirəsini xahiş etmişdilər. Lakin ABŞ Prezidenti bu məsələni qaldırmayıb.
Politoloq bunu Donald Trampın ümumilikdə insan haqları mövzusuna maraq göstərməməsi ilə əlaqələndirib.





















