Gürcüstanın Daxili İşlər Nazirliyi 21–31 dekabr tarixlərində Tbilisidə etiraz yürüşlərinin keçirilməsinə qadağa qoyub. Korrekt.az xəbər verir ki, bu barədə “Novosti-Qruziya” DİN-ə istinadən məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, göstərilən tarixlərdə keçiriləcək toplantıların iştirakçıları ictimai təhlükəsizliyi və asayişi, dövlət orqanlarının, müəssisə və təşkilatların normal fəaliyyətini, eləcə də nəqliyyat vasitələrinin və vətəndaşların maneəsiz hərəkətini təhdid etməməlidirlər.
Qeyd olunur ki, etirazçılara yalnız Gürcüstan Parlamentinin girişində və ətraf ərazilərdəki pilləkənlərdə toplaşmağa icazə verilib. Toplantılar vətəndaşların səkidə və ya yolda hərəkətinə, həmçinin nəqliyyat vasitələrinin keçidinə mane olmayacaq şəkildə təşkil edilməlidir.
Bu qərar mitinq təşkilatçılarından biri olan Kaxa Tsikarişvilinin müraciətinə cavab olaraq verilib. Son dövrlər toplantıların keçirilməsi ilə bağlı qaydaların sərtləşdirildiyi və polisin icazəsinin məcburi olduğu vurğulanıb.
Daxili İşlər Nazirliyi tədbirin ictimai asayişə, dövlət orqanlarının fəaliyyətinə, yol hərəkətinə və ya digər vətəndaşların təhlükəsizliyinə risk yaratdığı halda mitinqin yerini və ya marşrutunu dəyişdirmək səlahiyyətinə malikdir.
Polisin tələblərinə əməl edilmədiyi təqdirdə, etiraz aksiyalarının iştirakçıları 15 günədək, təşkilatçıları isə 20 günədək inzibati həbs cəzası ilə üzləşə bilərlər. Qaydaların təkrar pozulması halında isə bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.





















