Almaniyada hərbi xidmətə çağırış bərpa edilir. Korrekt.az xəbər verir ki, bu barədə AFP agentliyinə açıqlamasında Almaniyanın müdafiə komitəsinin rəhbəri, Xristian Demokrat Birliyini (CDU) təmsil edən yüksək vəzifəli millət vəkili Tomas Rovekamp bildirib.
Onun sözlərinə görə, mövcud könüllü əsaslı sistem ölkənin hərbi quruculuq planlarında nəzərdə tutulan hədəflərə çatmaq üçün kifayət etmir və bu səbəbdən çağırışın bərpası 2027-ci ilin iyul ayına qədər mümkün variant kimi nəzərdən keçirilir.
Almaniya 2022-ci ildən, Ukraynada münaqişənin kəskinləşməsindən sonra, “Rusiya təhlükəsi”ni əsas gətirərək genişmiqyaslı hərbi gücləndirmə proqramına başlayıb. Planlara əsasən, ölkənin aktiv hərbi heyətinin 2030-cu illərin ortalarına qədər 186 mindən 260 min nəfərə, ehtiyat qüvvələrin isə əlavə 200 min nəfərə çatdırılması hədəflənir.
Məlumata görə, ötən il Almaniya Parlamenti tərəfindən qəbul edilən yeni qanuna əsasən, 18 yaşlı kişilər hərbi qeydiyyata alınır və tibbi müayinədən keçirilir. Lakin onlar könüllü olaraq xidmətə qoşulmaqdan imtina edə bilirlər. Bununla belə, şəxsi heyət çatışmazlığı yaranacağı halda, seçimin lotereya ilə aparılması ehtimalı da nəzərdə tutulur.
AFP-nin məlumatına əsasən, indiyədək anketləri dolduran təxminən 300 min nəfərdən yalnız 530-u könüllü şəkildə hərbi xidmətə yazılıb.
Tomas Rovekamp bildirib ki, gələn ilin birinci yarısında könüllü sistemin hədəflərə çatıb-çatmayacağı ciddi şəkildə qiymətləndirilməlidir. Onun sözlərinə görə, nəticələr qənaətbəxş olmasa, Almaniya məcburi hərbi xidmətə qayıtmalı olacaq.
Almaniyada hərbi çağırış 2011-ci ildə ləğv olunmuşdu. Lakin son illərdə müdafiə xərclərinin artırılması və ordunun gücləndirilməsi istiqamətində müzakirələr yenidən intensivləşib. Müdafiə naziri Boris Pistorius da daha əvvəl ordunun genişləndirilməsi və mümkün çağırış sisteminin bərpası ehtimalını gündəmə gətirmişdi.
Eyni zamanda, bu planlar ölkə daxilində etirazlara səbəb olub. Berlin də daxil olmaqla bir sıra şəhərlərdə minlərlə gənc məcburi hərbi xidmətə qayıdışa qarşı aksiyalar keçirib.
Rusiya tərəfi isə Avropa ölkələrinin hərbiləşdirilməsi ilə bağlı iddiaları rədd edərək, bu bəyanatların “əsassız” olduğunu bildirib.





















