image-avtobusbackend

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

image-ads-728x90

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinin sakinləri 511 nömrəli marşrut avtobusunun fəaliyyətindən narazıdırlar. Onların sözlərinə görə, illərdir qəsəbəyə müasir avtobuslar ayrılmır və sərnişin daşımaları istismar müddətini başa vurmuş, köhnə avtobuslarla həyata keçirilir. Sakinlər bildirirlər ki, marşrutun rəsmi hərəkət intervalının 15 dəqiqə olduğu göstərilsə də, reallıqda avtobuslar 30 dəqiqədən bir, bəzən isə daha uzun fasilələrlə gəlir. Bu isə xüsusilə işə və dərsə gedən, eləcə də yaşlı sakinlər üçün ciddi çətinliklər yaradır.

Bundan əlavə, qəsəbədən Avtovağzala təxminən 30 dəqiqəlik məsafə olmasına baxmayaraq, avtobus bu yolu bəzən 1 saata qət edir. Nəticədə sakinlər işə və digər vacib ünvanlara gecikirlər. Buna görə də qəsəbə sakinləri alternativ nəqliyyat vasitələri axtarmağa məcbur qalırlar. Onlar işə gecikməmək üçün yolda rast gəldikləri avtomobillərlə və ya taksilərlə şəhərə üz tuturlar.

Son günlər isə 511 nömrəli marşrutun dispetçerinin sərnişin daşıyan taksi sürücülərini hədələdiyi, onları müxtəlif qurumlara şikayət etdirəcəyi ilə bağlı təhdidlər səsləndirdiyi bildirilir.

Aşağı Güzdək paytaxtətrafı ən böyük qəsəbələrdən biri olsa da, burada ictimai nəqliyyatın sayı tələbatı ödəmir. Sakinlərin sözlərinə görə, 511 nömrəli marşrut kart ödəniş sisteminə qoşulmayıb və aidiyyəti qurumların tam nəzarəti altında fəaliyyət göstərmədiyi müddətdə nə avtobusların hərəkət intervalı normallaşacaq, nə də sərnişinlər mənzil başına vaxtında çata biləcəklər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.

AYNA-dan Publika.az-ın suallarına cavab olaraq bildirildi ki, yol infrastrukturu uyğun olmadığı üçün yeni avtobusların həmin ərazilərə verilməsi məqsədəuyğun deyil: “Hansı daşıyıcı təzə avtobusunu təmirsiz yola buraxar? Yol bərbad olanda heç bir daşıyıcıya məcbur edə bilmərik ki, həmin qəsəbəyə avtobus ayırsın”.

Belə nəticə çıxır ki, yeni avtobusların xəttə buraxılmamasını yolların bərbad vəziyyəti ilə əlaqələndirən AYNA dolayısı ilə məsuliyyəti hökumətin, yol təsərrüfatına cavabdeh qurumların üzərinə qoyur.

Yolun bərbad vəziyyətdə olması Aşağı Güzdək sakinlərinin illərlə əziyyət çəkməsinə əsas verirmi? Dövlət qurumları problemi həll etmək əvəzinə məsuliyyəti yolun üzərinə atırsa, bunun əziyyətini niyə sakinlər çəkməlidir?

Üstəlik, Bakıətrafı qəsəbələrin böyük əksəriyyətində yollar Aşağı Güzdəkdəki vəziyyətdən ciddi şəkildə fərqlənmir. Buna baxmayaraq, həmin yaşayış məntəqələrinə yeni avtobuslar ayrılıb.

Məsələn, Müşfiqabad qəsəbəsi Aşağı Güzdəkdən cəmi bir neçə dəqiqəlik məsafədə yerləşir. Buna baxmayaraq, həmin qəsəbəyə 114A və 114B olmaqla iki marşrut xətti xidmət göstərir. Bəs niyə oxşar şəraitə malik Aşağı Güzdək sakinləri hələ də köhnə, tez-tez nasazlıq yaradan avtobuslardan istifadə etməyə məcbur qalırlar?

Bu sual uzun illərdir qəsəbə sakinlərini düşündürür. Onlar məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin nə vaxt həll olunacağına dair indiyədək konkret cavab ala bilməyiblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki