Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə İmamverdiyev Elman Mahir oğlu təyin edilib.
Korrekt.az xəbər verir ki, Elman İmamverdiyev 1984-cü ildə Şəki şəhərində anadan olub. 2001-ci ildə Şəki şəhər 18 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsində “İqtisadi kibernetika” və “Ümumi İqtisadiyyat” ixtisasları üzrə bakalavr təhsili alıb.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması” İnstitutunun “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsinə daxil olub. 2020-ci ildə Akademiyanı bitirərək “Regional İdarəetmə” ixtisası üzrə magistr dərəcəsi alıb.
Bu təyinatadək o Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
19 ildir dövlət qulluğunda çalışır. Dövlət qulluğunun kiçik müşaviridir. İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.





















