Bakı-Tbilisi-Bakı qatarı biletlərin əldə edilməsindəki çətinlik sosial şəbəkələrin əsas müzakirə mövzularından biridir.
Korrekt.az xəbər verir ki, Bakıdan Tbilisiyə qatar səfərləri üçün bileti baha da olsa, əldə etmək mümkündür.
Ən böyük problem Tbilisidən Bakıya biletin tapılmamasıdır ki, bu da qonşu ölkədən təyyarə ilə geridönüşə vadar edir.
Sosial şəbəkələrdə yayılan məlumata görə, artıq dələduzlar bilet satışından da pul qazanmağa başlayıblar.
Belə ki, onlar özlərini Tbilisidən Bakıya qatar bileti satan qrupun üzvü kimi təqdim edir, kart nömrəsi paylaşır və ödənişi aldıqdan sonra yoxa çıxırlar. Bilet satışı vəd edən belə profillər adətən Gürcüstan vətəndaşlarının adına açılır, nömrələr də Gürcüstan provayderlərinə məxsus olur.
Xatırladaq ki, AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 may 2026-cı il tarixindən etibarən Bakı – Tbilisi – Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib.
Bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək.
İlkin qrafikə əsasən, qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatır. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.
Bakı – Tbilisi – Bakı qatarlarına Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq verilir.
Bakı – Tbilisi – Bakı marşrutu üzrə gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir.Cebhenfo.az






















