image-1backend

SAATLIQ ƏMƏKHAQQI SİSTEMİ GƏLİR… – Maaşlar artacaq, yoxsa azalacaq?

image-ads-728x90

Azərbaycanda minimum əməkhaqqının saatlıq hesablama sisteminə keçirilməsi və hər iş saatı üçün minimum ödəniş məbləğinin müəyyənləşdirilməsi təklif olunur.

Bu məsələ Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Hazırda ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır. Yeni mexanizmin tətbiqi ilə minimum saatlıq ödənişin necə hesablanacağı, bunun əmək bazarına və işçilərin gəlirlərinə hansı təsirləri göstərəcəyi isə maraq doğurur.

Bu barədə iqtisadçı Xalid Kərimli  şərhində bildirib ki, saatlıq əməkhaqqı sisteminə keçid əmək bazarında ciddi dəyişikliklərə səbəb olmayacaq.

Onun sözlərinə görə, bu mexanizmin əsas məqsədi mövcud minimum əməkhaqqını saatlıq ifadəyə çevirmək və daha qısa müddətli əmək müqavilələri üçün vahid standart müəyyənləşdirməkdir: “Minimum saatlıq əməkhaqqı mövcud minimum aylıq əməkhaqqının müvafiq ay üzrə orta iş saatlarının sayına bölünməsi yolu ilə müəyyən ediləcək. Başqa sözlə, hazırkı minimum aylıq əməkhaqqı əsasında bir iş saatının minimum dəyəri hesablanacaq. Minimum aylıq əməkhaqqı anlayışı daha çox sovet dövründən miras qalan əmək münasibətləri sisteminə uyğun formalaşıb. Həmin dövrdə əsas işəgötürən dövlət idi və əmək münasibətləri, əsasən, aylıq əməkhaqqı əsasında qurulurdu. Lakin bazar iqtisadiyyatına keçidlə əmək münasibətlərində çevikliyə ehtiyac yaranıb. Artıq işəgötürənlə işçi arasında 15 saatlıq və ya daha qısa müddətli əmək müqavilələri də bağlana bilər”.

Onun sözlərinə görə, təklif olunan dəyişikliklərlə beynəlxalq praktikada tətbiq olunan saatlıq əməkhaqqı mexanizminin Azərbaycanda da daha sistemli şəkildə tətbiqi nəzərdə tutulur: “Məqsəd əmək müqavilələrinin daha qısa iş müddətlərini əhatə etdiyi hallarda da minimum ödəniş standartlarının müəyyən edilməsidir. İşçi cəmi 12 saat işləyəcəksə, onun əməkhaqqı həmin saatların sayı və müəyyən edilmiş minimum saatlıq tarif əsasında hesablanmalıdır. İşəgötürən bu məbləğdən aşağı ödəniş təyin edə bilməməlidir”.

X. Kərimli hesab edir ki, bu dəyişiklik özlüyündə işçilərin əməkhaqlarının artmasına səbəb olmayacaq: “Çünki hazırda qüvvədə olan minimum aylıq əməkhaqqı sadəcə saatlıq ifadəyə keçiriləcək. Bununla belə, daha qısa müddətli və çevik əmək müqavilələrinin bağlanması üçün hüquqi mexanizm formalaşacaq. Praktikada qısamüddətli və natamam iş vaxtı ilə bağlı əmək münasibətləri onsuz da mövcuddur. Bəzi hallarda işçilərlə yarımştat və ya dörddəbir ştat üzrə müqavilələr bağlanır. Yeni mexanizm isə bu münasibətlərin daha çevik və aydın qaydada tənzimlənməsinə imkan verəcək”.

İqtisadçının fikrincə, dəyişikliklərin müsbət tərəflərindən biri də az işləyən və nisbətən aşağı əməkhaqqı alan şəxslərin hüquqlarının daha yaxşı qorunmasıdır: “Minimum saatlıq ödəniş müəyyənləşdirildikdən sonra işəgötürənlər əmək müqavilələrində bu həddən aşağı əməkhaqqı nəzərdə tuta bilməyəcəklər. Hazırda minimum aylıq əməkhaqqının 400 manatdan 460 manata yüksəldilməsi də nəzərdə tutulur. Lakin saatlıq əməkhaqqı sisteminin tətbiqini əməkhaqlarının ümumi artımı kimi qiymətləndirmək düzgün olmazdı. Bu dəyişiklik daha çox inzibati tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsinə xidmət edir. Həmçinin yeni qaydalar dövlət qurumlarına əmək müqavilələrinə nəzarəti daha effektiv həyata keçirmək imkanı verə bilər. Xüsusilə əmək müfəttişləri işçilərə müəyyən edilmiş minimum saatlıq əməkhaqqından aşağı ödəniş nəzərdə tutulan müqavilələri daha asan müəyyən edə biləcəklər”.”AzPolitika.info”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki