2027-ci ildə Azərbaycanda ən uzun bayram tətilinin mart ayında olacağı gözlənilir.
Novruz bayramı ilə əlaqədar və həftəsonlarına təsadüf edən günlərin hesabına vətəndaşlar ardıcıl 9 gün istirahət edə bilərlər.
2027-ci ilin rəsmi istehsalat təqvimi hələ açıqlanmayıb. Lakin əvvəlki illərin təcrübəsi, Əmək Məcəlləsinin tələbləri və gələn ilin təqvim günlərinin həftənin hansı günlərinə düşməsi əsasında bəzi tarixləri indidən proqnozlaşdırmaq mümkündür.
İlkin hesablamalara görə, 2027-ci ildə ən uzun istirahət günləri aşağıdakı tarixlərə təsadüf edə bilər:
Mart: 9 günlük tətil: Gələn il Novruz bayramı martın 20-dən 24-dək qeyd olunacaq. Bayramın ilk iki gününün şənbə və bazara düşməsi səbəbindən əlavə istirahət günlərinin yaranacağı gözlənilir. Beləliklə, 20-28 mart tarixlərində ardıcıl 9 günlük tətil mümkün görünür.
Bundan başqa, 8 Mart – Beynəlxalq Qadınlar Günü bazar ertəsinə təsadüf edir. Ramazan bayramının isə ilkin hesablamalara görə martın 9-10-da qeyd olunacağı gözlənilir. Bu tarixlər təsdiqlənərsə, 6-10 mart aralığında da 5 günlük istirahət yarana bilər.
May: May ayında da uzun istirahət günlərinin olacağı ehtimal edilir. Belə ki, 9 May – Faşizm üzərində Qələbə Günü bazar gününə düşür. Bu səbəbdən 8-10 may tarixlərində 3 günlük istirahət gözlənilir.
Qurban bayramının isə ilkin hesablamalara əsasən, mayın 16-17-də qeyd olunacağı ehtimal edilir. Bayramın ilk gününün bazara düşməsi ilə əlaqədar 15-18 may tarixlərində 4 günlük istirahət yarana bilər. Həmçinin 28 May – Müstəqillik Günü cümə gününə təsadüf etdiyindən 28-30 may tarixlərində 3 günlük istirahət mümkün görünür.
İyun: 26 İyun – Silahlı Qüvvələr Günü şənbə gününə düşür. Bu səbəbdən 26-28 iyun tarixlərində 3 günlük istirahət gözlənilir.
Noyabr: Noyabrda isə 8 Noyabr – Zəfər Günü bazar ertəsinə, 9 Noyabr – Dövlət Bayrağı Günü isə çərşənbə axşamına təsadüf edir. Beləliklə, 6-9 noyabr tarixlərində ardıcıl 4 günlük istirahət imkanı yarana bilər.
Qeyd edək ki, sadalanan tarixlər əvvəlki illərin təcrübəsi və 2027-ci ilin təqvimi əsasında hazırlanmış ilkin proqnozdur. Ramazan və Qurban bayramlarının dəqiq tarixləri, eləcə də əlavə istirahət günləri Nazirlər Kabinetinin müvafiq qərarından sonra rəsmiləşəcək.





















