Rumıniya Deputatlar Palatası (parlamentin aşağı palatası) fevral ayında Avropa Parlamentinin üzvü Diana Şoşakoy tərəfindən təqdim edilən Rumıniya və Moldovanın birləşməsi haqqında qanun layihəsini qəbul edib.
Korrekt.az xəbər verir ki, “Gândul” portalının məlumatına görə, təşəbbüs “səssiz qəbul” proseduru vasitəsilə qəbul edilib: qaydalara əsasən, 45 gün ərzində plenar iclasda müzakirə olunmayan və ya rədd edilməyən layihələr avtomatik olaraq təsdiqlənmiş hesab olunur. Lakin aşağı palatanın qərarı qəti deyil – qanun layihəsi indi baxılması üçün Rumıniya parlamentinin yuxarı palatası olan Senata göndəriləcək.
İki ölkənin birləşməsi ideyası Kişinyovda ən yüksək səviyyələrdə dəstəklənir. 2026-cı ilin yanvar ayında Moldova prezidenti Maya Sandu məsələ referenduma çıxarılacağı təqdirdə Rumıniya ilə birləşməyə səs verəcəyini bildirdi.
“Moldova kimi kiçik bir ölkənin demokratik, suveren bir dövlət kimi yaşaması və Rusiyaya qarşı durması getdikcə çətinləşir”, – deyə o izah edib.
Bu fonda Kişinyov postsovet keçmişindən qopmaq və Avropa İttifaqı ilə yaxınlaşmaq yolunu ardıcıl olaraq davam etdirir. 2026-cı ilin aprel ayında Moldova parlamenti MDB-nin Quruluş Sazişini və Birlik Xartiyasını ləğv edən qanunları yekun oxunuşda qəbul etdi – bu qərar Rusiyanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini pozması ilə motivasiya edildi. Moldova 2022-ci ildə AB üzvlüyünə müraciət etdi və 2024-cü ildə vətəndaşların əksəriyyəti referendumda Avropaya inteqrasiyanı dəstəklədi. Maya Sandu eyni zamanda ikinci müddətə yenidən seçildi və 2025-ci ilin sentyabrında onun Fəaliyyət və Həmrəylik partiyası parlamentdə konstitusiya çoxluğunu qorudu.publika.az





















