image-1backend

Dövlət yenidən vergi güzəşti edəcək? – Avtomobil bazarından MESAJ

image-ads-728x90

Son illərdə hibrid və elektromobillərə tətbiq edilən gömrük və vergi güzəştləri Azərbaycanda avtomobil bazarının dinamikasını əhəmiyyətli dərəcədə dəyişib. Bu təşviqlər həm vətəndaşların daha sərfəli qiymətlərlə ekoloji nəqliyyat vasitələri əldə etməsinə, həm də ölkənin köhnəlmiş avtomobil parkının yenilənməsinə şərait yaradıb. Digər tərəfdən, xüsusilə Çin istehsalı olan avtomobillərin idxalının sürətlə artması bazarda təklifin genişlənməsinə və rəqabətin güclənməsinə səbəb olub. Bəs mövcud bazar şəraiti, ekoloji prioritetlər və avtomobil parkının yenilənməsi ehtiyacı nəzərə alınaraq, hibrid və elektromobillər üçün güzəştlərin yenidən tətbiqi gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı  açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, ekoloji nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlər ölkənin avtomobil parkının yenilənməsinə mühüm töhfə verib.

Onun sözlərinə görə, xüsusilə istismar müddətini başa vurmuş taksi parkının yenilənməsində bu güzəştlərin rolu böyük olub:

“Güzəştlər hesabına taksi parkının təxminən 80 faizi yenilənib. Eyni zamanda, bu imkanlardan istifadə edən bəzi sahibkarlar Çinin daxili bazarı üçün nəzərdə tutulmuş avtomobilləri də ölkəyə gətirdilər. Bunun isə bazar üçün müəyyən mənfi nəticələri oldu”.

Ekspert hesab edir ki, hazırkı mərhələdə hökumətin hibrid və elektromobillər üçün əvvəlki güzəştləri yenidən tətbiq etməsi real görünmür:

“Bu güzəştlər kifayət qədər uzun müddət qüvvədə oldu və vətəndaşlar bundan yararlandılar. Bazar artıq müəyyən mənada doyub. Avtomobil bazarının da öz həcmi var və həmin həcmdən artıq satış mümkün deyil. Ötən il rekord göstəricilər qeydə alındı. Buna görə də yenidən belə güzəştlərin tətbiqinin tərəfdarı deyiləm. Düşünürəm ki, iqtisadçılar və maliyyəçilər də bu addımın məqsədəuyğun olmadığını hesab edərlər”.

Eyyub Əliyev vurğulayıb ki, güzəştlərin başa çatması ekoloji nəqliyyat vasitələrinin bazardan çəkilməsi anlamına gəlmir:

“Ölkədə urbanizasiya prosesi davam edir və bu prosesə uyğun olaraq yeni ekoloji avtomobillərə ehtiyac qalır. Artıq həm Bakıda, həm də regionlarda elektromobillər üçün zəruri infrastruktur formalaşıb və bu istiqamətdə inkişaf davam edir. Bu avtomobillər həm ekoloji, həm də iqtisadi baxımdan vətəndaşlar üçün sərfəlidir”.

Assosiasiya sədri hesab edir ki, dövlət dəstəyi olmasa belə, hibrid və elektromobillərin idxalı və satışı davam edəcək:

“Bu avtomobillərin bazara daxil olması üçün mütləq güzəştlərə ehtiyac yoxdur. Hazırkı vəziyyətdə dövlətin yenidən belə bir addım atacağına inanmıram. Hətta güzəştlər bərpa olunsa belə, əvvəlki illərdə müşahidə edilən yüksək satış dinamikasının təkrarlanması çətin görünür. İnsanlar artıq bu imkanlardan geniş şəkildə yararlanıblar”.konkret.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki