image-1backend

“Dünyada hazırda iqtisadi müharibə gedir” -İqtisadçı alim

image-ads-728x90

“Dünyada hazırda iqtisadi müharibə gedir. Bu müharibədə kimin qalib gələcəyini isə zaman göstərəcək. Reallıq ondan ibarətdir ki, ABŞ Çinin qlobal iqtisadi yüksəlişinin qarşısını almaq, eyni zamanda Avropanı tam nəzarətdə saxlamaq istəyir.” – bu fikirləri saytımıza açıqlamasında iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı bildirib.

image-1

Ekspertin sözlərinə görə, ABŞ hazırda Qərbə təzyiq göstərməklə öz planlarını reallaşdırmağa çalışır.

“Bu gün artıq ABŞ Qərbə qarşı vergiləri artırır. Bu o deməkdir ki, ABŞ-ın Avropadan müəyyən tələbləri var və həmin istəkləri əldə etmək üçün onları sıxışdırır”, – deyə Arzuman Muradlı vurğulayıb.

İqtisadçı ekspert bildirib ki, Davos İqtisadi Forumu bu gün öz işinə başlayır və müzakirə və görüşlər 4 gün davam edəcək. ABŞ Prezidenti Donald Trampın Davosa böyük nümayəndə heyəti ilə qatılacağı gözlənilir. Onun sözlərinə görə, Davosda əsas siyasi mövzuların Ukrayna və Qrenlandiya olacağını proqnozlaşdırmaq mümkündür. Trampın bu məsələlərlə bağlı avropalı liderlərə demək istədikləri var.

Arzuman Muradlı qeyd edib ki, Qəzzada hazırda nisbi sakitlik müşahidə olunur, növbəti mərhələdə isə bölgənin idarə olunması və yenidən qurulması gündəmə gələcək. Avropalılar bu mövzunu müzakirə etməyə o qədər də həvəsli deyillər. Çünki Qəzza məsələsinə Tramp nəzarət edir və bu istiqamətdə onun əsas tərəfdaşları Asiya ölkələridir.

Ekspertin fikrincə, Tramp Davosda müxtəlif ölkə liderləri ilə görüşlər keçirəcək. Ağ Ev sahibinin Davos Forumunda iştirak edəcək Azərbaycan Prezidenti İlham Əliyevlə də təmas saxlaması ehtimal olunur.

Maraqlıdır ki, Davos İqtisadi Forumuna Ermənistanın baş naziri Nikol Paşinyan qatılmayacaq. Halbuki o, adətən mötəbər beynəlxalq tədbirlərdə iştirakdan imtina etmir. Paşinyan Davosda Azərbaycanla sülh prosesinin genişləndirilməsi, eləcə də ölkəsinin regional nəqliyyat layihələrinə qoşulmaq imkanları barədə fikirlərini beynəlxalq auditoriya ilə bölüşə bilərdi.

Arzuman Muradlı hesab edir ki, Paşinyanın əsas diqqəti bu ilin iyun ayında keçiriləcək parlament seçkilərinə yönəlib və o, vaxtını daha çox ölkə daxilində siyasi rəqiblərini zəiflətməyə sərf etməlidir.

Ekspertə görə, Paşinyanı Davosa səfərdən çəkindirən digər amillərdən biri də forumda əvvəlki illərdə olduğu kimi Rusiya mövzusunun müzakirə olunmasıdır. Davosdakı görüş və debatlarda Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi sərt tənqid edilir. Paşinyan isə bu mövzuda açıq mövqe bildirməkdən çəkinir.

Qeyd edilib ki, ötən il Paşinyan Davosda ona ünvanlanan “Ermənistan Avropa İttifaqı ilə Rusiya arasında seçim edərsə, hansı tərəfə üstünlük verəcək?” sualına cavab verməkdə çətinlik çəkmişdi. Görünür, o, bu dəfə də oxşar suallarla üzləşmək istəmir.

Bundan əlavə, Davosda İrandakı gərgin vəziyyətin də müzakirə olunması ehtimal edilir ki, Paşinyan cənub qonşusu ilə bağlı tənqidi fikirlər səsləndirmək niyyətində deyil.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki