İranda ali dini lideri seçmək səlahiyyətinə malik olan Ekspertlər Məclisinin 60-dan çox üzvü ABŞ ilə aparılan danışıqlar və regionda baş verən son hadisələrlə bağlı birgə bəyanat yayıb.
Korrekt.az IRNA agentliyinə istinadən xəbər verir ki, bəyanatda hökumətin ABŞ-la apardığı danışıqlar siyasətinə dolayı tənqidi münasibət ifadə olunub və rəsmi Tehrana danışıqlarda daha sərt və güzəştsiz mövqe tutmaq çağırışı edilib.
Sənəddə bildirilib ki, danışıqlar zamanı İranın ali rəhbərinin müəyyən etdiyi “qırmızı xətlər”ə tam riayət olunmalıdır. Eyni zamanda, ABŞ Prezidenti və İsrail rəhbərliyinin son müharibəyə görə məsuliyyət daşıdığı iddia edilərək onların məsuliyyətə cəlb olunması tələb olunub.
Bəyanatda vurğulanıb ki, hər hansı razılaşmanın pozulacağı təqdirdə İran dərhal və qətiyyətli cavab verməlidir. Həmçinin İranın nüvə proqramı və bu sahədəki hüquqlarının danışıqların predmeti olmamalı olduğu qeyd edilib.
Sənəddə ABŞ-yə qarşı irəli sürülən əsas tələblər sırasında sanksiyaların ləğvi, İranın dondurulmuş maliyyə aktivlərinin qaytarılması, ölkəyə təzminat ödənilməsi və ABŞ hərbi qüvvələrinin regiondan çıxarılması da yer alıb.
Bundan əlavə, dövlət rəsmilərinə İranı zəif göstərən açıqlamalardan çəkinmək tövsiyə olunub, ali rəhbərin göstərişlərinə zidd addımların yolverilməz olduğu bildirilib və danışıqların uzadılmaması, memorandumda nəzərdə tutulan müddətlərə riayət olunması tələb edilib.
Ekspertlər Məclisi ölkə vətəndaşlarını milli birliyi qorumağa və ali rəhbərin çağırışlarını dəstəkləməyə çağırıb. Bəyanatda həmçinin qeyd olunub ki, qurum hökumətin fəaliyyətini izləməyə davam edəcək və zərurət yaranacağı təqdirdə dini və qanuni mövqeyini açıqlayacaq.
Bəyanatda irəli sürülən 10 əsas müddəa aşağıdakılardır:
Danışıqlarda ali rəhbərin müəyyən etdiyi “qırmızı xətlər”ə tam əməl olunması.
ABŞ Prezidenti və İsrail rəhbərliyinin son müharibəyə görə məsuliyyətə cəlb edilməsi.
Hər hansı razılaşmanın pozulacağı halda İranın dərhal və qətiyyətli cavab verməsi.
İranın nüvə hüquqlarının danışıqlar mövzusu olmaması.
Sanksiyaların ləğvi, dondurulmuş aktivlərin geri qaytarılması, təzminat ödənilməsi və ABŞ qüvvələrinin regiondan çıxarılması.
Dövlət rəsmilərinin İranı zəif göstərən açıqlamalardan çəkinməsi.
Ali rəhbərin göstərişlərinə zidd addımların atılmasının yolverilməz sayılması.
Danışıqların uzadılmaması və memorandumda nəzərdə tutulan müddətlərə əməl olunması.
Xalqın milli birliyi qoruması və ali rəhbərin çağırışlarını dəstəkləməsi.
Ekspertlər Məclisinin hökumətin fəaliyyətini izləyəcəyi və zərurət yaranacağı halda dini və qanuni mövqeyini açıqlayacağı.





















