image-1backend

Əraqçı: İran ABŞ ilə müharibəyə hazırdır

image-ads-728x90

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə mümkün hərbi qarşıdurma və nüvə danışıqları ilə bağlı açıqlama verib. O, CNN-ə müsahibəsində bildirib ki, Tehran Vaşinqtonun hücum təhlükəsinə baxmayaraq, nüvə proqramı ətrafında razılaşmanın əldə olunacağına ümid edir.

Korrekt.az xəbər verir ki, Əraqçı qeyd edib ki, ABŞ İran üçün etibarlı danışıqlar tərəfdaşı statusunu itirib. Onun sözlərinə görə, buna baxmayaraq, regiondakı dost ölkələr vasitəsilə aparılan dolayı mesajlaşmalar səmərəli dialoqun qurulmasına kömək edir.

Nazir vurğulayıb ki, ABŞ ilə birbaşa danışıqlar yalnız minimum etimad səviyyəsi bərpa olunduğu halda mümkün ola bilər. “Birbaşa və ya dolayı danışıqlar dialoqun formasıdır, əsas olan danışıqların məzmunudur. Tam etimad heç vaxt olmaya bilər, lakin minimum etimad səviyyəsi vacibdir”, – deyə o bildirib.

Hərbi qarşıdurma ehtimalına toxunan Əraqçı müharibənin qaçılmaz olmadığını vurğulayıb. Onun sözlərinə görə, İran hərbi baxımdan tam hazır vəziyyətdədir: “Biz müharibəyə hazırıq, hətta 12 günlük müharibədən daha hazırlıqlıyıq. Lakin bu, müharibə istədiyimiz anlamına gəlmir. Əksinə, onun qarşısını almaq istəyirik”.

Nüvə məsələsinə dair danışan İran XİN başçısı ədalətli və dürüst razılaşmanın mümkün olduğunu bildirib. O, nüvə silahlarının olmamasına təminat verən razılaşmanın qısa müddətdə əldə edilə biləcəyini qeyd edib.

Əraqçı Tehranın sanksiyaların ləğvini və uranın dinc məqsədlərlə zənginləşdirilməsi hüququnun tanınmasını əsas şərt kimi irəli sürüb. “Əgər zənginləşdirmə hüququmuz tanınarsa və dinc məqsədlər üçün bu fəaliyyəti davam etdirə bilsək, istənilən detalı müzakirə etməyə və istənilən formatda razılaşmaya hazırıq”, – deyə o əlavə edib.

Nazir eyni zamanda İranın öz maraqlarını qətiyyətlə müdafiə etməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, mümkün münaqişə bütün tərəflər üçün ağır nəticələrə səbəb ola bilər: “Biz istənilən ssenariyə hazırıq və silahlı qüvvələrimizin əvvəlki müharibə dövrü ilə müqayisədə daha yaxşı təchiz olunduğunu əminliklə deyə bilərik”.

Əraqçı bildirib ki, uğurlu razılaşma əldə olunacağı təqdirdə ABŞ və region ölkələri ilə iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açılacaq. Xüsusilə enerji və nəqliyyat sahələrində ticarət və investisiya imkanlarının genişlənəcəyi vurğulanıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki