İranın Xarici işlər Naziri Abbas Əraqçi İranın maraqlarının beynəlxalq danışıqlarda qorunmasının əsas prioritet olduğunu bəyan edib.
Korrekt.az xəbər verir ki, nazir bildirib ki, ABŞ və İsrail hücumları ilə başlayan və 40 gün davam edən qarşıdurmadan sonra aparılan danışıqlarda İran xalqının hüquqlarının təmin olunması əsas hədəfdir. Onun sözlərinə görə, “müqavimət dövründən sonra İran mütləq öz milli maraqlarını təmin etməlidir”.
Əraqçi İslamabadda keçirdiyi görüşlərdən sonra Rusiya səfəri çərçivəsində Sankt-Peterburqa gəlib. O, burada İran dövlət televiziyasına açıqlamasında həm Pakistan, həm də Omanla aparılan danışıqların nəticələrini dəyərləndirib.
Nazir qeyd edib ki, İslamabad səfəri olduqca məhsuldar keçib, tərəflər arasında əvvəlki proseslər nəzərdən keçirilib və İranla ABŞ arasında danışıqların davam etdirilməsi şərtləri müzakirə olunub.
Əraqçi həmçinin vurğulayıb ki, Rusiya səfərinin əsas məqsədi regional və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr aparmaq, eləcə də ikitərəfli münasibətləri inkişaf etdirməkdir. Onun sözlərinə görə, bu görüşlər mövcud vəziyyətin qiymətləndirilməsi və müharibə ilə bağlı son inkişafların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Omanla münasibətlərə toxunan iranlı nazir bildirib ki, Oman ilə İran arasında xüsusilə Hörmüz boğazının təhlükəsizliyi məsələsində sıx əməkdaşlıq mövcuddur. Nazir qeyd edib ki, hər iki ölkə bu strateji bölgədə təhlükəsizliyin təmin olunması üçün koordinasiyalı fəaliyyət göstərməlidir.
Əraqçi əlavə edib ki, Oman səfəri zamanı tərəflər bir çox məsələlərdə ortaq mövqeyə gəlib və ekspertlər səviyyəsində məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, İran xarici işlər nazirinin Rusiya səfəri çərçivəsində Sergey Lavrov və Vladimir Putin ilə görüşü planlaşdırılır.





















