İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyəyə səfər edib. Eyni gündə İran prezidenti Məsud Pezeşkianla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Korrekt.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə lideri ölkəsinin mövcud gərginliyi azaltmaq üçün İran və ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.
Siyasi analitiklər hesab edir ki, küncə sıxışdırılan İran xilasını Türkiyədən ciddi dəstək almaqda görür. Xarici işlər nazirinin Türkiyədə olduğu saatlarda prezidentin türkiyəli həmkarı ilə telefon danışığı aparması da bu fikri təsdiq edir.
Türkiyə İrana qarşı güc tətbiqinin əleyhinə olduğunu bəyan edib. Ankara eyni zamanda bununla kifayətlənmir. Məlumatlara görə, Türkiyə ABŞ ilə intensiv diplomatik danışıqlar içərisindədir və bütün gücü ilə İrana hərbi müdaxilənin qarşısını almağa çalışır.
Siyasi təhlilçilərin qənaətincə, İrana hərbi hücum planının ölkəni kütləvi etirazlar bürüdüyü və etirazçılar gülləbaran edildiyi zaman həyata keçirilməsinin qarşısının alınmasında məhz Türkiyənin ABŞ ilə apardığı danışıqlar və ərəb ölkələriylə birlikdə ünvanladığı müraciətin əhəmiyyətli təsiri olub. Tehran Ankaranın “ətəyindən” ona görə yenidən bərk-bərk yapışıb.





















