Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyasının parlament qrup toplantısında çıxış edərək bölgədə yeni təhlükəsizlik yanaşması qurmaq istədiklərini açıqlayıb. Korrekt.az xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyə kürdlər, ərəblər, türkmənlər və farslar arasında fərq qoymadan, ortaq tarix və ortaq gələcəyə əsaslanan bir təhlükəsizlik paradiqması qurmağa çalışır.
Ərdoğan çıxışında həmçinin Fələstin xalqının yaşadığı zülm və müqavimət məsələsinə toxunaraq, “Torpaqlarını qoruyan Fələstin oğul və qızlarını hörmətlə qarşılayırıq” deyib.
Ərdoğan, Birinci Dünya Müharibəsində mühüm bir hadisə olan Kut əl-Əməra qələbəsinin 110-cu ildönümünü qeyd edib. Prezident qələbəni tarixi bir şan və qəhrəmanlıq nümunəsi olaraq təqdim edərək, bu uğurun ərəb və kürd tayfaları da daxil olmaqla Osmanlı ordusunun bütün qardaş xalq tərəfindən dəstəkləndiyini vurğulayıb.
Prezident çıxışında bölgədə birlik və qardaşlığın qorunmasının strateji əhəmiyyətini önə çəkərək bildirib: “Qardaşlığı qorumaq bizim borcumuzdur. Heç kim bizim qardaş və bacılarımızın arasına girməyə qadir deyil.”
Ərdoğan çıxışını parlament üzvlərinə müraciətlə yekunlaşdıraraq deyib: “Biz bu yolu Türkiyənin parlaq gələcəyi üçün gedirik. Övladlarımız yaşadığımız ağrını yaşamamalı, gələcək nəsillər ödədiyimiz ağır bədəli ödəməməlidir.”





















