image-1backend

Ərdoğan: Türkiyə regionda sülh və sabitliyin qorunması üçün səylərini davam etdirəcək  

image-ads-728x90

Türkiyə Prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilən qrup iclasında çıxışı zamanı daxili siyasi proseslər, regional təhlükəsizlik, İran böhranı və terrorla mübarizə məsələlərinə toxunub.

Korrekt.az xəbər verir ki, Ərdoğan  bildirib ki, Türkiyə dəyişən qlobal şəraitdə həm regionda, həm də beynəlxalq arenada nüfuzunu artıran ölkələrdən birinə çevrilib.

Ərdoğan vurğulayıb ki, hakim partiya ölkənin inkişafı və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Türkiyə Prezidenti çıxışında müxalifəti parlamentin fəaliyyətinə mane olmaqda ittiham edib. O bildirib ki, hakimiyyət ölkənin problemlərinin həlli üçün çalışdığı halda, müxalifət daxili çəkişmələr və siyasi qarşıdurmalarla məşğuldur.

“Güclü demokratiya üçün güclü müxalifət vacibdir. Lakin cəmiyyətin problemlərindən uzaqlaşmış, yalnız daxili mübarizələrə köklənmiş müxalifət demokratik sistemə də zərər verir”, – deyə Ərdoğan qeyd edib.

O əlavə edib ki, parlament ölkənin problemlərinin həlli üçün əsas platformadır və bütün siyasi qüvvələr milli maraqlar naminə əməkdaşlıq etməlidir.

Prezident çıxışında İran ətrafında yaranmış gərginliyə də toxunub. Onun sözlərinə görə, Türkiyə böhran dövründə təmkinli və balanslı siyasət yürüdərək ölkəni mümkün təhlükələrdən qorumağa nail olub.

Ərdoğan bildirib ki, Ankara diplomatik kanallardan istifadə etməklə bölgədə gərginliyin artmasının qarşısını almağa çalışıb.

“İran böhranı bir daha göstərdi ki, Türkiyə böyük dövlət kimi regionda mühüm rol oynayır. Xarici siyasət sahəsində əldə etdiyimiz təcrübə və imkanlar bu prosesdə özünü göstərdi”, – deyə o vurğulayıb.

Türkiyə lideri həmçinin İsraili bölgədə sabitliyi pozmağa çalışmaqda ittiham edib və Yaxın Şərqdə davamlı sülhün təmin olunmasının vacibliyini qeyd edib.

Ərdoğan çıxışında terrorla mübarizə məsələsinə də geniş yer ayırıb. O bildirib ki, hakimiyyət və Milliyyətçi Hərəkat Partiyası ilə birlikdə həyata keçirilən “Terrorsuz Türkiyə” strategiyası mühüm nəticələr verməyə başlayıb.

Prezidentin sözlərinə görə, Suriyanın şimalında yaranmış bir sıra problemlərin həlli istiqamətində irəliləyiş əldə olunub və bölgədə inteqrasiya prosesləri davam edir.

“Artıq hər kəs qəbul etməlidir ki, terror çıxılmaz yoldur və öz dövrünü başa vurub. Terror iqtisadi inkişafın, rifahın və demokratik tərəqqinin qarşısında duran ən böyük maneələrdən biridir”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, təhlükəsizlik şəraitinin yaxşılaşması ölkənin şərq və cənub-şərq bölgələrində iqtisadi aktivliyi artırıb.

Onun sözlərinə görə, Diyarbəkir, Hakkari, Qars, Van, Batman, Ağrı, Mardin və Şırnak kimi şəhərlərdə turizm inkişaf edir, yeni investisiyalar həyata keçirilir və gənclər üçün yeni imkanlar yaranır.

Ərdoğan çıxışının sonunda Türkiyənin həm daxildə, həm də regionda sülh, sabitlik və inkişaf naminə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki