Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. İki ölkə lideri Türkiyə-İran ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal miqyasda cərəyan edən son prosesləri ətraflı müzakirə ediblər.
Görüş zamanı Prezident Ərdoğan İran və ABŞ arasında əldə olunmuş son razılaşmanın məmnunluq doğurduğunu xüsusi vurğulayıb. Türkiyə lideri prosesin sülh yolu ilə uğurla başa çatması üçün Ankaranın hər cür dəstəyi verməyə hazır olduğunu bildirib və danışıqları sabotaj etməyə çalışan qüvvələrə qarşı ehtiyatlı olmağın vacibliyini diqqətə çatdırıb.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, yeni dövrdə regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün qətiyyətli addımların atılması həm vacib, həm də zəruridir. O, Türkiyənin bu istiqamətdə fəal iş aparacağını bəyan edib.
Telefon danışığında həmçinin iki qonşu ölkə arasındakı iqtisadi əlaqələrə də toxunulub. Prezident Ərdoğan Türkiyə ilə İran arasında xüsusilə ticarət, maliyyə və enerji sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə addımların atılmasına davam ediləcəyini vurğulayıb.





















