image-1backend

Ərəbləri Türkiyəyə qarşı qaldıran, sirli cəsus Lourens: Onun missiyası nə idi?

image-ads-728x90

Türklərə qarşı ərəb üsyanında mühüm rol oynamış və “səhranın casusu” kimi tanınan Tomas Edvard Lourens (ərəbcə tanınan adı ilə “Ərəbistanlı Lourens”) XX əsrin ən mübahisəli fiqurlarından biri hesab olunur.

1888-ci ildə Böyük Britaniyada anadan olan Lourens Oksford Universitetində təhsil alıb. Tələbəlik illərində Yaxın Şərq və ərəb dünyası ilə maraqlanmağa başlayıb. Bu dövrdə arxeoloq və eyni zamanda Britaniya kəşfiyyatı ilə əlaqəli olan David Hoqart ilə tanışlığı onun gələcək fəaliyyətinə ciddi təsir göstərib.

1909-cu ildə universiteti bitirdikdən sonra Lourens arxeoloq adı altında Osmanlı ərazilərinə göndərilib. O, Fərat çayı ətrafında aparılan qazıntılar zamanı bölgənin təbii sərvətləri, coğrafiyası və yerli əhali haqqında məlumatlar toplayıb. Bədəvilərlə yaxın münasibət qurması isə Osmanlı hakimiyyətinin diqqətini çəkir.

Birinci Dünya Müharibəsi başlayandan sonra Lourens Qahirədə yerləşən Britaniya hərbi kəşfiyyatında kapitan rütbəsi ilə fəaliyyət göstərməyə başlayıb. O, əsir götürülmüş türk əsgərlərinin sorğu-sual edilməsi və bölgə ilə bağlı məlumatların toplanması ilə məşğul olub.

1916-cı ildə baş verən Ərəb üsyanı zamanı Lourens Şərif Hüseyn ilə əməkdaşlıq edərək ərəb tayfalarını Osmanlıya qarşı birləşdirməyə çalışır. O, Hüseynin oğlu Feysal ibn Hüseynin qüvvələrində əlaqələndirici zabit kimi fəaliyyət göstərib və Britaniya tərəfindən ayrılan maliyyə və silah yardımı ilə üsyanı gücləndirib.

Lourensin əsas məqsədlərindən biri Osmanlı imperiyasının bölgədəki təsirini zəiflətmək və Yaxın Şərqdə Britaniyanın maraqlarını təmin etmək idi. Onun fəaliyyəti nəticəsində bir sıra strateji ərazilər, o cümlədən liman şəhərləri ələ keçirilib və Osmanlı qüvvələri ciddi itkilər verib.

Müharibədən sonra Lourens Londona qayıdaraq Yaxın Şərqdə yeni siyasi düzənin qurulması ilə bağlı danışıqlarda iştirak edib. Lakin bir müddət sonra kəşfiyyat fəaliyyətindən uzaqlaşdırılıb.

1935-ci ildə 47 yaşında motosiklet qəzası keçirən Lourens ağır vəziyyətdə komaya düşüb və bir neçə gün sonra vəfat edib. Onun ölümü ilə bağlı müxtəlif versiyalar mövcuddur və bəzi iddialara görə, bu hadisə planlaşdırılmış sui-qəsd ola bilər.

Onun fəaliyyəti xüsusilə Osmanlı imperiyasının dağılması və Yaxın Şərqin siyasi xəritəsinin formalaşmasında mühüm rol oynayıb.

Qoşqar Salmanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki