Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası işlərinin Zəngəzur istiqamətində növbədənkənar həyata keçirilməsi ehtimalı var.
Korrekt.az xəbər verir ki, bu barədə Ermənistanın vitse-baş naziri Mher Qriqoryan Azərbaycanla sərhədin demarkasiyası və TRIPP layihəsi ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, TRIPP layihəsi ilə əlaqəli ərazilərdə demarkasiya işlərinin növbədənkənar aparılması ehtimalı yüksəkdir. Bu, layihənin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasına xidmət edəcək.
Mher Qriqoryan qeyd edib ki, TRIPP layihəsinin yaradılmasını gözləmədən Sünik (Zəngəzur) vilayətində üç infrastruktur layihəsi üzrə layihələndirmə işlərinə başlanılması planlaşdırılır.
Söhbət dövlətlərarası avtomobil yolunun, elektrik ötürmə xəttinin və dəmir yolunun tikintisindən gedir. Vitse-baş nazirin sözlərinə görə, hər üç infrastruktur layihəsi Sünik vilayətinin ərazisində həyata keçirilməlidir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalara əsasən, sərhədin delimitasiya və demarkasiya prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlanaraq şimaldan cənuba doğru davam etdirilməsi nəzərdə tutulurdu.





















