Milli Məclisin bugünkü plenar iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib.
Korrekt.az xəbər verir ki, qanunvericiliyə edilən yeni dəyişikliklərlə ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşdiriləcək və həmin sahədə xidmət keçmənin hüquqi əsasları təkmilləşdiriləcək.
Qanun layihəsinə əsasən, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlar tibb xidmətində vəzifəyə təyin olunduqdan sonra onlara mövcud hərbi rütbələrinə uyğun müvafiq xüsusi rütbələr veriləcək.
Ehtiyatda olan zabitlər tibb xidmətində vəzifəyə təyin edildikdə, hərbi rütbələri üçün müəyyən olunmuş müddət başa çatdığı təqdirdə ilk xüsusi rütbə onlara bir pillə yüksək təyin oluna biləcək. Eyni zamanda, tibb xidmətinin əməkdaşları qulluq etdikləri müddətdə hərbi çağırışdan və hərbi toplanışdan azad olunacaqlar. Bu xidmətə qəbul edilən əməkdaşlar hərbi qeydiyyatdan çıxarılaraq Ədliyyə Nazirliyində xüsusi qeydiyyata alınacaqlar.
Sənəddə tibb xidməti işçilərinin fəaliyyət dairəsi də dəqiqləşdirilib. Layihəyə görə, tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətlərində, müəssisələrin penitensiar tibb-sanitar hissələrində, habelə mühafizə və müşayiət üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində fəaliyyət göstərən tibb-sanitar hissələrində xidmət keçəcəklər. Onların xidmətkeçmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Silahlı Qüvvələrin İntizam Nizamnaməsi və digər normativ hüquqi aktlarla tənzimlənəcək.
Dəyişikliklərdə xüsusi geyim forması ilə təminat məsələsi də yer alıb. Belə ki, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəli ədliyyə işçiləri, habelə dövlət icra məmurları xüsusi geyim forması ilə təmin ediləcəklər.
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.





















