“Bizim dostluğumuz və qardaşlığımız əbədidir. Türkdilli dövlətlərin iqtisadi gücü artdıqca bu gücdən qorxuya düşənlər də var”.
Korrekt.az xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə toplantısı çərçivəsində Ankarada keçirilən “Fikirdən Dialoqa, İrəli” adlı Türk Dünyası Dialoq Forumunda çıxışı zamanı Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım bildirib.
Deputat qeyd edib ki, türk dövlətləri arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri tarixi köklərə əsaslanır və bu birlik daha da möhkəmlənir.
Şamil Ayrım çıxışında Orta Dəhlizin əhəmiyyətinə də toxunub. O, bu marşrutun yalnız nəqliyyat və logistika xətti kimi deyil, həm də ortaq investisiyaların, istehsalın və rifahın artırılmasına xidmət edən mühüm əməkdaşlıq platformasına çevrilməsinin vacibliyini vurğulayıb.





















