Turizm sektorunda ölkədaxili və ölkəxarici səfərlərə maraq, sosial şəbəkələrdə saxta turizm səhifələrinin fəaliyyəti, müştərilərin qarşılaşdıqları problemlər və mövsümi qiymət dəyişiklikləri diqqət çəkən məsələlərdəndir. Xüsusilə son dövrlərdə sosial şəbəkələr üzərindən turizm şirkəti adı altında fəaliyyət göstərən saxta profillər vasitəsilə vətəndaşların aldadılması halları narahatlıq doğurur.
Bəs vətəndaşlar tur paketi seçərkən nələrə diqqət etməlidirlər? Tur operatorları ilə bağlı narazılıqlar hansı səbəblərdən yaranır? Yay və qış aylarında tur qiymətlərinin dəyişməsinə nə təsir göstərir? Ölkədaxili və xarici istiqamətlər üzrə hansı səfərlərə daha çox üstünlük verilir?
Azmedia.Az bu və digər sualları SAF TRAVEL turizm şirkətinin rəhbəri Samirə Mirzəyevaya ünvanlayıb. Onunla müsahibəni təqdim edirik:
Sosial şəbəkələrdə turizm adı altında fəaliyyət göstərən saxta profillər vasitəsilə insanların aldadılması halları ilə bağlı nə deyə bilərsiniz?
“Bəzən turizm adı altında fəaliyyət göstərən profillərin arxasında adi vətəndaşlar dayanır. Onların turizm sahəsi ilə bağlı heç bir anlayışı və bu istiqamətdə fəaliyyəti olmur. Digər insanların və şirkətlərin paylaşımlarını götürərək öz səhifələrində istifadə edir, tamamilə real təsir bağışlayan profillər yaradırlar. Həmin səhifələrin çoxsaylı izləyiciləri olur. Bunun necə yaradıldığını dəqiq bilmirəm, amma izləyicilərinin sayı çox olur. İnsanlar da həmin səhifələrə baxaraq məlumat əldə edir və elə düşünürlər ki, həqiqətən də həmin turla səfərə çıxacaqlar”.
“Amma bu, saxta profil üzərindən həyata keçirilir və ortada heç bir şirkət olmur. İnsanlar araşdırma aparmadan bank kartına beh məbləği və ya ödənişin hamısını köçürürlər. Daha sonra onlara müəyyən bir məkanda görüş keçiriləcəyi bildirilir və həmin ünvana gəlmələri istənilir. Bu hallar daha çox rayon turlarında, yəni ölkədaxili səfərlərdə baş verir”.
“İnsanlar təyin olunan yerə gəlirlər, amma nəticədə orada nə şirkət olur, nə onları gözləyən avtomobil, nə də başqa bir şəxs. Həmin vaxt zəng etdikdə isə telefonlarına cavab verilmir”.
Şəxsən mən də dəfələrlə belə hallarla rastlaşmışam. İnsanlar bizə yaxınlaşaraq həmin nömrəyə zəng etdiklərini, lakin zənglərinə cavab verilmədiyini bildirirlər. Bu cür aldadılma halları baş verir.
Çünki insanlar ofisə yaxınlaşmır, şirkəti araşdırmırlar ki, qarşı tərəf həqiqətən şirkətdirmi, yoxsa yox. Sadəcə, Instagram üzərindən səhifəyə baxırlar. Səhifə gözəl tərtib olunubsa, çoxsaylı izləyicisi varsa, elə bilirlər ki, bu, həqiqətən də şirkətdir. Belə hallarla qarşılaşmamaq üçün insanlara tövsiyəm odur ki, bu cür səhifələrə dərhal inanmasınlar.
Müştərilərin tur operatorları ilə bağlı narazılıqları əsasən hansı səbəblərdən qaynaqlanır?
“Xarici turlarda, məsələn, ölkə xaricinə səfərlər zamanı bəzən elə hallar olur ki, insanlar haqqında məlumatlar onlara düzgün təqdim edilmir. Yenə dediyim kimi, burada vasitəçilər, yəni maklerlər məsələsi var. Onlar özlərini tur agenti kimi təqdim edirlər, amma müştəri başqa bir adla səfərə gedir. Yəni məlumatlar düzgün təqdim olunmur”.
“Bəli, transfer xidmətləri ilə bağlı da çoxlu narazılıqlar olur. Çünki ümumiyyətlə, burada narazılıqların əsas səbəbi çox vaxt şirkətlərin özündən deyil, həmin maklerlərin fəaliyyətindən qaynaqlanır”.

Vətəndaşlar bu hallarla qarşılaşmamaq üçün nələrə diqqət etməlidirlər?
“Şirkəti ətraflı araşdırmalıdırlar, ofisə yaxınlaşmalıdırlar. Ən azı bir dəfə ofisə gedib etibarlı şirkətlə tanış olduqdan sonra ona etibar edə bilərlər”.
Görürük ki, payız aylarında İstanbula turların qiyməti 600–700 manat olur. Bir müddət keçdikdən sonra, qış ayları yaxınlaşdıqca qiymətlər azalır. Yayda qiymətlərin baha, payız və qış aylarında isə daha ucuz olmasının səbəbi nədir?
“Bu, biletlərin qiymətləri ilə əlaqədardır. Biz bunu Türkiyə istiqaməti üzrə də müşahidə edirik. Şirkətlərdə biletlərin qalıb-qalmaması, eləcə də biletlərin qiyməti tur paketlərinin ümumi dəyərinə təsir göstərir”.
“Tələbatın çox olduğu vaxtlarda biletlərlə bağlı məhdudiyyətlər yaranır. Yay aylarında insanlar istirahət etmək məqsədilə daha çox səfərə çıxdıqları üçün qiymətlər yüksəlir”.
“Xeyr, bu, biletlərlə bağlı məsələdir. Biz bunu dəqiq deyə bilmərik. Biz turizm şirkətiyik və tur paketləri hazırlayırıq. Əgər bilet bahadırsa, biz də tur paketinin qiymətini artırmağa məcbur oluruq”.
Turizm şirkətiniz hansı istiqamətlər üzrə fəaliyyət göstərir və müştərilərə hansı xidmətləri təklif edirsiniz?
“Bizdə həm ölkədaxili, həm də ölkəxarici turlar təşkil olunur. Ölkədaxili turlar çərçivəsində Azərbaycanın bütün rayonlarına səfərlər təşkil edirik. Həm birgünlük, həm də bir gecəlik və iki günlük turlarımız var”.
“Qarabağ turlarımız da olur. Qarabağ bölgəsinə həm birgünlük, həm də bir gecəlik və iki günlük turlar üçün uyğun paketlər hazırlanır. Eyni zamanda, məktəblilər üçün şəhərdaxili və qrup turları da təşkil edirik. Ümumiyyətlə, müştərilərin istəyinə uyğun olaraq müxtəlif tur paketləri hazırlaya bilirik. Bəli, Qarabağın bütün bölgələrinə turlarımız olur. Bununla yanaşı, ölkəxarici istiqamətlər üzrə aviabilet satışı, qrup turları, fərdi tur paketlərinin hazırlanması və viza dəstəyi xidmətləri göstəririk. Şengen vizası ilə bağlı da dəstək təqdim edirik”.
Bu sahədə 12 ildən çox təcrübəmiz var. Azərbaycan Turizm Assosiasiyasının rəsmi üzvüyük. Müvafiq xidmətlər təklif edirik.

Turizm sahəsində fəaliyyətə başlayarkən hansı çətinliklərlə qarşılaşmısınız?
“Əslində, demək istədiyim odur ki, mən bu sahədə çox çalışmışam. Turizm mənim ən çox sevdiyim peşədir. Həm turizm təhsili almışam, həm də bu sahəyə böyük həvəsim var.Ona görə də düşünmürəm ki, bu yolda xüsusi çətinliklərlə üzləşmişəm. Əksinə, öz istəyimlə bu sahəyə gəlmişəm və fəaliyyətə başladığım dövrdə yolum elə də çətin olmayıb. Hər hansı ciddi maneə ilə qarşılaşmamışam”.
“Demək istədiyim odur ki, mən hansısa çətinliklərdən keçərək bu sahəyə gəlməmişəm. Hazırladığım bütün proqramlar öz ideyalarımdır. Məqsədim insanların istər ölkə daxilində, istərsə də ölkə xaricində maraqlı və xoş səyahət keçirmələrini təmin etməkdir”.
Müştəriləriniz daha çox hansı turizm istiqamətlərinə üstünlük verirlər?
“İnsanların ən çox tələbat göstərdiyi istiqamətlərdən biri Qarabağ bölgəsidir. Digər rayonlara olan tələbat isə fəsillərə görə dəyişir. Bu, yaz və qış fəsillərində fərqli olur. Məsələn, qarşıdan qış gəlir. Şaxtalı havalarda insanlar qış turlarına maraq göstərirlər. Demək olar ki, hər kəs ən azı bir dəfə də olsa, qış turuna gedir”.
Ölkəxarici istiqamətlər üzrə bu il daha çox hansı ölkələrə tələbat olub?
“Xarici ölkələrə səfərlərə tələbat artıb. Bu ilin ümumi statistikasına baxsaq, Misirə səfərlərin daha çox olduğunu görərik. Türkiyə, Moskva və digər istiqamətlərə də tələbat var. Amma bu il daha çox Misirə üstünlük verilib. Çünki bu il Dubaya səfərlər az olub, Dohaya da maraq əvvəlki kimi yüksək olmayıb. Məhz bu il ən çox üstünlük verilən istiqamət Misir olub”.
SAF TRAVEL-dən Yeni il mövsümünə özəl kampaniyalar
Bundan əlavə, SAF TRAVEL-də Yeni il mövsümünə özəl kampaniyaların və tur proqramlarının mövcud olduğunu da qeyd edək.
Qarşıdan gələn Yeni ili unudulmaz səyahətlər, möhtəşəm istirahət və əyləncə proqramları ilə qarşılamağa hazır olun! SAF TRAVEL olaraq Yeni il mövsümünə özəl, sərfəli qiymətlərlə və xüsusi endirimlərlə zəngin tur proqramlarımızı təqdim edirik.
Səyahətsevərləri birgünlük, bir gecəlik, iki gecəlik və üçgünlük istirahət proqramları gözləyir. Həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə təşkil olunan turlarımız müxtəlif yaş qruplarının, ailələrin və dost qruplarının istirahət və əyləncə tələbatına uyğun hazırlanıb. Məqsədimiz hər kəsə keyfiyyətli xidmət, rahat səyahət və unudulmaz xatirələr bəxş etməkdir.
Bununla yanaşı, SAF TRAVEL tərəfindən ilin sonuna özəl olaraq Şengen vizası xidmətləri üzrə 40 faiz endirim kampaniyası da elan olunur. Kampaniya 31 dekabr 2026-cı il tarixinədək qüvvədədir.
Yeni ili fərqli ölkələrdə qarşılamaq, sevdiklərinizlə gözəl istirahət etmək və sərfəli təkliflərdən yararlanmaq istəyirsinizsə, SAF TRAVEL-in xüsusi Yeni il kampaniyalarını qaçırmayın!
























