Biz Tanrı dağlarının əzəmətini, məğrurluğunu, sarsılmaz duruşunu öz ruhunda yaşadan böyük Türk millətinin övladlarıyıq. Tarixin ən ağır sınaqlarından keçmiş, ən çətin günlərdə belə bir-birinə arxa olmuş iki qardaş xalqın nümayəndələriyik. Bizim üçün Türkiyə və Azərbaycan sadəcə iki qonşu dövlət deyil. Bizim ortaq tariximiz, ortaq taleyimiz, ortaq ağrılarımız, şəhidlərimiz və gələcəyə uzanan ortaq arzularımız var.
Bu gün, cümə səhəri Ankaraya dönən dəyərli dostum, professor Aygün Attarın mənə göndərdiyi bir mesaj ürəyimi çox kövrəltdi. O mesajın hər sətrində illərin yorğunluğu, yaşanmış haqsızlıqların ağrısı, Azərbaycan–Türkiyə qardaşlığının gələcəyinə duyulan nigarançılıq, eyni zamanda böyük bir millət sevgisi vardı.
Bakıdakı Şəhidlər xiyabanında Nuru Paşanın Qafqaz İslam Ordusunun əsgərləri ilə Azərbaycanın istiqlalı və Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhları sanki bir-birinə sarılmış vəziyyətdədir. Bu müqəddəs məkan bizim qardaşlığımızın yalnız sözlərdən ibarət olmadığının ən böyük sübutudur. Bu qardaşlığın təməlində qan var, can var, şəhid əmanəti var!
Aygün xanımın nigarançılığını anlayıram. Çünki bu gün Türkiyə ilə Azərbaycan arasına nifaq salmağa çalışanların əslində hansı müqəddəs dəyərlərə toxunduqlarını yaxşı bilirik.
Mən Aygün Attarı uzun illərdir tanıyıram. Hələ 1990-cı illərin əvvəllərində, Azərbaycanın ən ağır günlərində Sabir bəylə birlikdə Türkiyənin Kütahya şəhərinə getdiyimiz zaman onun orada necə böyük bir Azərbaycan sevgisi yaratdığının şahidi olmuşdum. O illərdə universitetdə rəhbər vəzifədə çalışan Aygün xanım Xocalı faciəsini, Qarabağın işğalını, Azərbaycan xalqının yaşadığı ağrıları Türkiyə ictimaiyyətinə çatdırmaq üçün yorulmadan çalışırdı. Azərbaycanın səsini eşitdirmək asan deyildi. Amma o, bunu bacarırdı.
Sonralar Türkiyədə universitet rektoru vəzifəsinə qədər yüksəldi. Təəssüf ki, bu uğurların yolu da hamar olmadı. Türkiyədə azərbaycanlı olduğu üçün təyinatını sorğulayanlarla, Azərbaycanda isə uğurlarını qısqanclıqla qarşılayanlarla üzləşdi. Ancaq bütün bunlara baxmayaraq, nə Azərbaycan sevgisindən, nə də Türkiyəyə bağlılığından vaz keçdi.
Aygün Attar mənim üçün iki ölkəni də özünə Vətən bilən, birinin ağrısını digərinin ağrısından ayırmayan, həqiqi mənada : Asenadır.
Son dövrlərdə Azərbaycan–Türkiyə münasibətləri ətrafında yaşanan gərginliklər zamanı onun bir daha necə məğrur dayandığını gördüm. Sosial mediada nə qədər təhqirlərə, hücumlara məruz qalsa da, Azərbaycanın dövlətçilik maraqlarını, Prezident İlham Əliyevin şəxsiyyətinə və dövlət başçısı məqamına hörmətin vacibliyini müdafiə etməkdən çəkinmədi.
Təəssüf ki, son zamanlar Türkiyədə bəzi radikal dini çevrələrin Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışması, xüsusilə məktəb geyimi və baş örtüyü məsələsi üzərindən Azərbaycan dövlətinə və Prezidentinə qarşı hörmətsiz ifadələrin səsləndirilməsi haqlı narazılıqlar yaratdı. Bu yersiz müdaxilələr iki qardaş xalqın münasibətlərində arzuolunmaz gərginliyə səbəb oldu.
Ancaq mən heç vaxt bu gərginliyi Türkiyə xalqının Azərbaycana münasibəti kimi qəbul etmədim. Çünki Türkiyə xalqının Azərbaycan sevgisini də, Azərbaycan xalqının Türkiyəyə bağlılığını da bir ömür yaşamış və görmüş insanlardan biriyəm.
29 Oktyabr – Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təbriki, Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı səmimi qardaşlıq mesajı bir daha göstərdi ki, bu iki dövlət arasındakı körpüləri dağıtmaq heç kimin gücü daxilində deyil.
Mən əminəm ki, dövlət ağlı, siyasi müdriklik və qardaşlıq iradəsi yenə qalib gələcək. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan yenə əl-ələ, çiyin-çiyinə dayanacaqlar. Bu qardaşlığa kölgə salmaq istəyənlər isə yenə öz niyyətlərində yanılacaqlar.
Amma bir həqiqət də var: qurd qışı keçirər, amma yediyi ayazı unutmaz!
Məni ən çox üzən də məhz budur.
Bu gərgin günlərdə illərdir özünü Türkiyə sevdalısı, Türk millətinin təəssübkeşi kimi təqdim edən bəzi insanların necə sükuta qərq olduğunu, bəzilərinin isə əksinə, qarşıdurmanı daha da körüklədiyini gördüm.
Mən onlardan müdrik söz, barışdırıcı mövqe, qardaşlıq naminə bir addım gözləyirdim. Təəssüf ki, gözlədiyimin tam əksi ilə qarşılaşdım.
Özünü böyük Türk dünyası sevdalısı hesab edənlərin bir qismi bu sınaqdan keçə bilmədi. Sözün həqiqi mənasında, sinifdə qaldılar!
2009-cu ildə də Azərbaycan–Türkiyə münasibətlərinin ağır sınaqlardan keçdiyi günləri yaşamışdıq. İndi isə daha fərqli və daha ağrılı bir sınağın içindən keçirik.
Bir zamanlar oxuduğum bir ifadə heç vaxt yadımdan çıxmayıb:
Dostlar üç cür olur: gərək dostu, görək dostu, ürək dostu.
Gərək dostu ehtiyacı olanda səni axtarar. Görək dostu yaxşı günlərində yanında görünər. Ürək dostu isə sənin ağrını öz ağrısı bilər, ən çətin anında səni tək qoymaz.
Bu gün mən Türkiyənin də, Azərbaycanın da həqiqi ürək dostlarını gördüm. Bəlkə sayları çox deyildi. Bəlkə səsləri başqalarının səs-küyü qədər gur eşidilmirdi. Amma onların duruşu Tanrı dağı qədər əzəmətli idi!
Aygün Attar da mənim üçün məhz belə insanlardandır.
Onun bu səhər göndərdiyi mesaj mənə bir daha xatırlatdı ki, böyük sevgilərin böyük də imtahanları olur. Vətəni sevmək yalnız bayram günlərində bayraq dalğalandırmaq, gözəl sözlər söyləmək deyil. Vətəni sevmək onun haqqını müdafiə etmək, qardaşlığı qorumaq, lazım gələndə tək qalmağı belə gözə almaqdır.
Mən Aygün xanıma və onun kimi bu çətin günlərdə qardaşlıq naminə dik dayanan bütün ürək dostlarına təşəkkür edirəm.
Bizim dostluğumuzun ölçüsü alqışlar deyil, çətin günlərdə göstərdiyimiz sədaqətdir.
Əminəm ki, bu günlər də keçəcək. Azərbaycanla Türkiyəni daha gözəl günlər gözləyir. Biz yenə bir yerdə sevinəcək, bir yerdə qürurlanacaq, Türk dünyasının gələcəyinə birlikdə yol açacağıq.
Amma yaşadıqlarımızı da, kimin harada dayandığını da unutmayacağıq.
Çünki dostluq yaxşı gündə yanaşı görünmək deyil, pis gündə bir-birinin yanında dik dura bilməkdir.
Tanrı dağı kimi!
Nuru Paşanın əsgərlərinin, Qarabağ şəhidlərinin bizə əmanət etdiyi qardaşlığa yaraşan da məhz belə bir duruşdur.
Qış keçəcək, ayaz bitəcək. Amma ürək dostlarının sədaqəti də, o ayazda bizi tək qoyanların sükutu da yaddaşımızda qalacaq.
Və biz bütün bunlara baxmayaraq, yenə də bir millət, iki dövlət olaraq yolumuza davam edəcəyik.
Çünki bizim qardaşlığımız bir günün siyasəti deyil, minillərin taleyidir!





















