Son dövrlər məktəblilər və yeniyetmələr arasında baş verən zorakılıq halları, kütləvi davalar, bıçaqlanma və döyülmə hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə azyaşlıların və yeniyetmələrin ağır cinayətlərdə iştirak etməsi problemin miqyasını daha da aktuallaşdırır. Bakıda 225 saylı məktəbin qarşısında çəkiliş aparan jurnalist və operatorun məktəblilərin hücumuna məruz qalması da bu problemin nə qədər ciddi olduğunu bir daha ortaya qoydu.
Bəs yeniyetmələr arasında aqressiyanın və zorakılığa meylin artmasının səbəbi nədir? Uşaqları cinayətə sürükləyən əsas amillər hansılardır?
Mövzu ilə bağlı sabiq polis rəisi Mahmud Hacıyev Musavat.com-a danışıb. Onun sözlərinə son dövrlər yeniyetmələrin törətdiyi ağır cinayətlərin sayında artım narahatlıq doğurur: “Son 15 ilin statistikasına nəzər salsaq, yeniyetmələrin iştirakı ilə törədilən müxtəlif xarakterli cinayətlərin kifayət qədər geniş yayıldığını görərik. Söhbət qəsdən adam öldürmə, xuliqanlıq, eləcə də qəsdən bədənə müxtəlif dərəcəli xəsarət yetirmə kimi cinayətlərdən gedir. Bu cinayətlərin iştirakçıları arasında yeniyetmələr də var. Xüsusilə narahatlıq doğuran məqam isə onların törətdiyi ağır cinayətlərin sayında artımın müşahidə olunmasıdır.
Bu problemə bir neçə istiqamətdən yanaşmaq lazımdır. İlk növbədə, ailə mühiti, məktəbdəki tərbiyə və təhsil sistemi, eləcə də yeniyetmənin yaşadığı sosial mühit mühüm rol oynayır. Lakin bütün bunlarla yanaşı, müasir dövrdə yeniyetmələrin davranışına ciddi təsir göstərən digər mühüm amil də texnologiyanın inkişafı, internet və sosial şəbəkələrin geniş yayılmasıdır. YouTube, kompüter və digər texnoloji vasitələrin həyatımıza daxil olması ilə uşaqların informasiya əldə etmək imkanları genişlənsə də, onların qarşılaşdığı mənfi məzmunların təsiri də artıb”.
Müsahibimiz deyib ki, cinayətlərin artmasını yalnız texnologiya ilə əlaqələndirmək düzgün olmaz, burada bir sıra sosial və ailədaxili amillər də rol oynayır: “Ancaq texnologiyanın təsirini də qətiyyən kiçiltmək olmaz.
Bu gün yeniyetmələr internet vasitəsilə kriminal aləmi təbliğ edən filmlərə, zorakılığı, döyüşü, şantajı və digər aqressiv davranışları nümayiş etdirən videolara asanlıqla çıxış əldə edirlər. Halbuki 14-16 yaş dövrü insanın xarakterinin, davranışlarının və müəyyən meyillərinin formalaşdığı olduqca həssas mərhələdir. Bu yaşda yeniyetmələr ətraf mühitdən, izlədikləri görüntülərdən və ünsiyyətdə olduqları insanlardan daha çox təsirlənə bilirlər. Məhkəmə psixologiyası ilə məşğul olan mütəxəssislər də həmin yaş dövrünün psixoloji baxımdan həssas olduğunu təsdiqləyirlər. Əlbəttə, bu məsələdə ailənin və məktəbin məsuliyyətini də xüsusi qeyd etmək lazımdır. Açıq etiraf etməliyik ki, məktəblər 30-40 il əvvəlki tərbiyəvi və təhsil funksiyasını indiki səviyyədə yerinə yetirə bilmir. Məktəb yalnız bilik verən müəssisə deyil, eyni zamanda uşağın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan sosial mühitdir. Beləliklə, ailə, məktəb və texnologiya yeniyetmələrin davranışına təsir göstərən üç əsas istiqamət kimi nəzərdən keçirilməlidir”.
Mahmud Hacıyev yeniyetmələrin məktəbə bıçaq və digər təhlükəli əşyalar gətirməsi hallarına da diqqət çəkib:”Düzdür, şagirdlərin üzərində yoxlama aparılması hüquqi baxımdan həssas məsələdir və burada onların hüquq və azadlıqları da nəzərə alınmalıdır. Lakin təhlükəsizlik məsələsi də diqqətdən kənarda qala bilməz. Məni xüsusilə narahat edən məqamlardan biri də cinayət hadisələrində əsasən 7-ci, 8-ci və 9-cu sinif şagirdlərinin adlarının hallanmasıdır. 10-cu və 11-ci sinif şagirdləri ilə müqayisədə həmin yaş qrupunda olan yeniyetmələrin belə hadisələrdə iştirakına daha çox rast gəlinir. Bu isə 7-9-cu sinif dövrünün nə qədər həssas və xüsusi diqqət tələb edən mərhələ olduğunu göstərir. Məhz buna görə də həmin yaş qrupunda olan şagirdlərlə daha ciddi profilaktik iş aparılmalı, məktəblərdə nəzarət və tərbiyə mexanizmləri gücləndirilməlidir. Ailələr də övladlarının davranışına, ünsiyyətdə olduğu şəxslərə, izlədiyi məzmunlara və internetdən istifadə vərdişlərinə daha çox diqqət yetirməlidirlər. Bununla yanaşı, texnologiyadan istifadəyə nəzarət də vacibdir. Ancaq uşağın əlindən telefonu almaq, WhatsApp, YouTube və ya TikTok kimi platformalara girişi qadağan etməklə problemi tam həll etmək mümkün deyil. Yeniyetmə bu məzmuna gizli şəkildə, yaxud dostlarının telefonları vasitəsilə də çıxış əldə edə bilər. Deməli, burada təkcə qadağalar deyil, maarifləndirmə və düzgün rəqəmsal davranış vərdişlərinin formalaşdırılması da vacibdir”.
Picture backgroundSabiq polis rəisi problemin həlli üçün kompleks tədbirlərin görülməsini zəruri sayır: “Yalnız bir istiqamətdə addım atmaqla nəticə əldə etmək mümkün deyil. Ailədə valideyn nəzarəti gücləndirilməli, məktəblərdə təlim-tərbiyə işi yeni yanaşmalar əsasında qurulmalı, eyni zamanda yeniyetmələrin internet və sosial şəbəkələrdən istifadəsinə daha effektiv nəzarət mexanizmləri yaradılmalıdır. Bəzi xarici ölkələrdə də azyaşlıların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması istiqamətində müxtəlif təşəbbüslər irəli sürülür və qərarlar qəbul edilir. Xüsusilə Fransa və digər Avropa ölkələrində uşaqların rəqəmsal platformalara çıxışının tənzimlənməsi məsələsi gündəmdədir. Bu da problemin yalnız Azərbaycana xas olmadığını, beynəlxalq miqyasda narahatlıq doğurduğunu göstərir. Bir daha vurğulamaq istəyirəm ki, yeniyetmələr arasında zorakılığın qarşısının alınması üçün üç əsas istiqamətə – ailəyə, məktəbə və texnologiyaya kompleks şəkildə yanaşmaq lazımdır. Bu sahələrdən hər hansı birində məsuliyyət və nəzarət zəif olarsa, digər istiqamətlərdə görülən tədbirlərin də effektivliyi azalacaq. Ona görə də problemin həlli ayrı-ayrı qadağalarla deyil, ailənin, məktəbin və cəmiyyətin birgə məsuliyyəti əsasında həyata keçirilməlidir”.





















