Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşünün yekunları ilə bağlı açıqlama verib.
Korrekt.az xəbər verir ki, Ərdoğan bildirib ki, zirvə görüşü uğurla başa çatıb və qəbul edilən Ankara Bəyannaməsi, eləcə də əldə olunan qərarlar əsasında türk dünyasının gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Türkiyə Prezidenti qeyd edib ki, ölkəsi TDT-də dövrü sədrliyi Azərbaycandan təhvil alır.
O, sədrliyi dövründə göstərdiyi səylərə görə Azərbaycan tərəfinə təşkilat adından təşəkkür edib və qardaş ölkəni təbrik edib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin sədrliyi dövründə təşkilatın indiyədək formalaşdırdığı institusional təcrübənin konkret nəticələrə çevrilməsi hədəflənir.
Türkiyə lideri ortaq dilin yayılmasının, xüsusilə idman sahəsində mədəni tədbirlərin dəstəklənməsinin və üzv ölkələr arasında səfərlərin asanlaşdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin Türk Dövlətləri Təşkilatının Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrinin genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda sülh və sabitliyin bütün türk dünyası üçün yeni imkanlar yaradacağını diqqətə çatdırıb. O, Azərbaycanın Ermənistanla apardığı təmasları dəstəklədiklərini və davamlı sülhün təmin olunması üçün Türkiyənin bundan sonra da öz töhfəsini verməyə hazır olduğunu bəyan edib.
Türkiyə Prezidenti regionda baş verən münaqişələrin heç bir tərəfə fayda vermədiyini, əksinə, qlobal iqtisadiyyat, ticarət və enerji bazarlarına ciddi təsir göstərdiyini vurğulayıb.
Ərdoğan İranla son dövrdə yenidən artan gərginliyin silahlar deyil, diplomatiya yolu ilə həll olunmasının tərəfdarı olduqlarını bildirib.
O, Fələstin məsələsinə də toxunaraq, türk dövlətlərinin bu problemin ədalətli həlli istiqamətində daha çox səy göstərməsinin vacibliyini qeyd edib. Prezident 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına dəstəyin davam etdirilməli olduğunu vurğulayıb.
Ərdoğan çıxışının sonunda türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin daim olmasını arzulayıb, zirvə görüşündə qəbul edilən qərarların bütün türk dünyası üçün xeyirli olmasını diləyib.





















