image-alimentyeni-1793348228518228570backend

Aliment 274 manat olacaq: İşsiz valideynlərin öhdəliyi necə yerinə yetiriləcək?

image-ads-728x90

Azərbaycanda alimentin minimum məbləği 274 manata qaldırılır

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 260 manatdan 274 manata qaldırılacaq. Dəyişiklik “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində uşaqlar üçün yaşayış minimumunun 274 manat müəyyən edilməsi ilə əlaqədardır.

Hüquqşünas Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında alimentin məbləğinin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılmasını məntiqli hesab etdiyini bildirib.

Onun sözlərinə görə, işləyən şəxslərin əməkhaqqından alimentin tutulması daha asan olsa da, işləməyən şəxslərin aliment öhdəliklərini yerinə yetirməkdə üzləşdikləri çətinliklər də nəzərə alınmalıdır:

“Əlbəttə, işləyən şəxslərin əməkhaqqından aliment tutulması daha rahatdır. Ancaq işləməyən şəxslərin aliment ödəməkdə çətinlik çəkməsini də obyektiv qiymətləndirmək lazımdır”.

Vəkil aliment öhdəliyi olan, lakin işləməyən şəxslərin məşğulluğunun təmin edilməsi üçün xüsusi mexanizmin hazırlanmasını təklif edib.

“Bu halda həm aliment öhdəliyi olan şəxsin uşağının hüquqlarının təmin olunmasına, həm də məhkəmə qətnaməsini icra etmədiyinə görə həmin şəxsin məhkum olunmasının qarşısının alınmasına nail olmaq mümkündür. Bir çox hallarda aliment öhdəliyini yerinə yetirə bilməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər. Nəticədə onların məhkumluq vəziyyəti yaranır. Əlbəttə, bu, arzuolunan hal deyil”, deyə Səməd Vəkilov bildirib.

İqtisadçı Akif Nəsirli də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması uşaqların maddi təminatının yaxşılaşdırılması baxımından müsbət addımdır:

“Çünki aliment valideynin digər valideynə ödədiyi adi pul öhdəliyi deyil, ilk növbədə uşağın yaşamaq, qidalanmaq, geyim, təhsil və sağlamlıq xərclərinin qarşılanmasına xidmət edən vəsaitdir. Qiymətlərin artdığı, uşaqların gündəlik tələbatlarının bahalaşdığı bir şəraitdə alimentin məbləğinin yaşayış minimumuna uyğunlaşdırılması zəruridir. Bununla belə, 274 manatın uşağın bütün ehtiyaclarını qarşıladığını düşünmək düzgün olmaz. Bu, minimum təminat göstəricisidir və uşağın real xərcləri bir çox hallarda daha yüksək olur”.

Ekspert bu məsələdə daha ciddi problemin aliment öhdəliyindən yayınan valideynlərlə bağlı olduğunu vurğulayıb:

“Təəssüf ki, alimenti ödəmək imkanı olduğu halda bunu etmək istəməyən, gəlirlərini gizlədən və ya müxtəlif yollarla ödənişdən yayınan şəxslər var. Belə hallarda ən böyük zərəri uşaq görür. Çünki valideynlər arasındakı münaqişənin və ya məsuliyyətsizliyin maliyyə yükü uşağın üzərinə düşməməlidir. Aliment öhdəliyinin icrasına nəzarət gücləndirilməli, borcların vaxtında tutulması üçün effektiv mexanizmlər tətbiq olunmalıdır. Xüsusilə rəsmi gəlirlərini gizlədərək aliment ödəməkdən yayınan şəxslərin müəyyənləşdirilməsi vacibdir. Alimentin artırılması ilə yanaşı, onun real şəkildə ödənilməsini təmin etmək də dövlətin və hüquq-mühafizə mexanizmlərinin diqqətində olmalıdır. Eyni zamanda, bu problemin aradan qaldırılmasının bir yolu da Aliment Fondunun yaradılmasıdır. Azərbaycan neft-qaz ölkəsidir, heç olmasa, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət sahib çıxmalıdır”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki