26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan Milli Ordumuzun yaradılmasının 108 ili tamam olacaq. Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır.
1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli ordusunun yaradılmasına başlanmışdır. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan əraziləri azad etdi. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti güllələndi. Başqa sözlə, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına bacardıqca imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci ilin iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Müstəqil Azərbaycanda da müasir, nizami ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın tələbi ilə 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə istiqamətində mühüm addımlar atıldı.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Müdrik rəhbər Heydər Əliyev ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Ordumuzun döyüş qabiliyyəti yüksəldi, maddi-texniki bazası möhkəmləndirildi. Aparılan uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biri oldu. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.
Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. 2023-cü ilin sentyabrında isə keçirilən antiterror tədbirləri nəticəsində isə Qarabağ erməni separatçılarından tam təmizləndi və dövlət suverenliyimiz təmin olundu. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Uzun on illiklər Azərbaycan ərazisində kök salmış erməni separatizminə son qoyuldu. Ölkə ərazi üzərində konstitusiya quruluşu tam bərqərar olundu. Bununla da bütün torpaqlarınmızda və sərhədlərimizdə şanlı üçrəngli bayrağımız qürurla dalğalanmağa başladı. 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü, xalq və ordu birliyinin rəmzidir. Bu gün biz yalnız hərbi uğurları qeyd etmirik, eyni zamanda Azərbaycanın dövlətçiliyini, suverenliyini və gələcəyini qoruyan güclü, müasir və mütəşəkkil ordusunun varlığı uilə qürur duyuruq!
Tənzilə Rüstəmxanlı
Milli Məclisin deputatı






















