image-1backend

“Güclü Ordu güclü dövlətin təminatıdır” – AZƏR XANKİŞİYEV

image-ads-728x90

Hər il 26 İyun tarixində Azərbaycanda Silahlı Qüvvələr Günü böyük qürur və ehtiramla qeyd olunur. Bu əlamətdar gün ölkəmizin müstəqilliyinin, dövlətçiliyinin və milli təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu xatırlamaq, hərbi qulluqçularımızın xidmətlərini yüksək qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk milli hərbi hissələrin yaradılması ilə Azərbaycan Ordusunun təməli qoyulmuşdur. Məhz bu tarix sonradan ölkəmizdə Silahlı Qüvvələr Günü kimi təsis edilmişdir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan öz milli ordusunun formalaşdırılmasına xüsusi diqqət yetirmiş, Silahlı Qüvvələrin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Son illər ərzində Azərbaycan Ordusu maddi-texniki bazasının gücləndirilməsi, peşəkar hərbi kadrların hazırlanması və müasir döyüş qabiliyyətinin artırılması istiqamətində böyük nailiyyətlər əldə etmişdir. Bu inkişafın ən parlaq nümunəsi 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər olmuşdur.

Azərbaycan əsgəri və zabiti öz qəhrəmanlığı, vətənpərvərliyi və peşəkarlığı ilə tarix yazaraq ölkəmizin ərazi bütövlüyünü təmin etmişdir.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunur. Ordumuzun qüdrəti yalnız müasir silah və texnika ilə deyil, həm də şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığı, vətən sevgisi və xalqın dəstəyi ilə ölçülür. Hər bir Azərbaycan vətəndaşı ordusunun gücü ilə fəxr edir və onun uğurlarını öz uğuru kimi qiymətləndirir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı və şəhid ailələrini dərin hörmət və ehtiramla təbrik edir, Vətənimizin keşiyində dayanan qəhrəman əsgər və zabitlərimizə möhkəm cansağlığı, xidmətlərində uğurlar arzulayırıq. Qoy Azərbaycan Ordusu daim güclü olsun, dövlətimizin müstəqilliyini və təhlükəsizliyini etibarlı şəkildə qorusun.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın qalib Azərbaycan!

AZƏR XANKİŞİYEV
KƏLBƏCƏR SMSİİ-NİN RƏİSİ



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki