İlqar Rüstəmbəylinin ortağı olduğu “CFİ Financial İnvestisiya Şirkəti” QSC ağır maliyyə böhranı ilə üzləşib.
Korrekt.az xəbər verir ki, bu barədə Fed.az şirkətin maloyyə hesabatına əsasən məlumat yayıb. Belə ki, şirkət 2025-ci ili 4 milyon 243 min manat zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə zərərin 4,4 dəfə artması deməkdir. QSC 2024-cü ili 971 min manat zərərlə bağlamışdı.
Şirkətin gəlirləri də kəskin azalıb. 2025-ci ildə əməliyyat gəlirləri cəmi 167 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 2 dəfədən çox azalma deməkdir. Buna qarşılıq işçi heyəti və əməliyyat xərcləri sürətlə artıb. Əməliyyat xərcləri 5 dəfədən çox yüksələrək 2 milyon 720 min manata çatıb.
Maliyyə vəziyyətindəki geriləmə aktivlərə də təsir edib. Şirkətin aktivləri bir il ərzində 42 faiz azalaraq 5 milyon manata düşüb. Eyni zamanda öhdəliklər artaraq 3 milyon 533 min manata yüksəlib.
Ən diqqətçəkən məqamlardan biri isə kapitalın sürətlə əriməsidir. “CFİ Financial İnvestisiya Şirkəti”nin kapitalı bir ildə 3,8 dəfə azalaraq 1 milyon 513 min manata düşüb.
Qeyd edək ki, “Az-Finance İnvestisiya Şirkəti” 2024-cü ildə “CFI Financial Group Holding Limited” və İlqar Rüstəmbəyli tərəfindən satın alındıqdan sonra adı dəyişdirilərək “CFİ Financial İnvestisiya Şirkəti” olub. Hazırda şirkətin səhmlərinin 100 faizi “CFI Financial Group Holding Limited”ə məxsusdur.
Qarşı tərəfi dinləməyə hazırıq.






















