image-1backend

İnterpol necə yaradıldı? – Bir qadının axtarışı…

image-ads-728x90

1914-cü ildə bir alman gənc xanım Monako şəhzadəsi I Albertin bütün ziynət əşyalarını oğurlayaraq İtaliyaya qaçır. Bu hadisə nəticəsində şahzadə 24 ölkədən ən yaxşı 188 polis və hüquqşünası dəvət etdi. Beləliklə, ilk dəfə cinayət polisinin beynəlxalq konqresi keçirilmiş oldu. Konqresdə cinayətlər haqqında vahid məlumat bankının yaradılmasına qərar verildi. Lakin Birinci Dünya Müharibəsi bu işin həyata keçməsinə mane oldu.

1923-cü il sentyabrın 7-də Vyanada 19 ölkədən 130 nümayəndənin iştirakı ilə ikinci Beynəlxalq Konqres keçirildi və cinayət polisinin beynəlxalq komissiyası yaradıldı. 1938-ci ildə Hitler Avstriyanı faşist Almaniyasına birləşdirərək təşkilatın mənzil qərargahını Berlinə köçürdü. İkinci Dünya Müharibəsi dövründə təşkilatın fəaliyyəti dayanmış, rəhbərliyinə faşist generallar gətirilmişdi.

1946-cı ildə təşkilat Parisə köçürüldü və fəaliyyəti tam bərpa olundu. Avstraliya istisna olmaqla bütün qitələrdən 19 ölkə təşkilata qoşuldu. Rəsmi “International Criminal Police Review” jurnalı çap edilməyə başladı. 1950-ci ildə Çexslovakiya Interpola müraciət edərək sərnişin dolu üç təyyarənin terrorçular tərəfindən Berlindəki ABŞ hərbi bazasına qaçırıldığını bildirdi. Təşkilat dərhal hərəkətə keçdi, lakin ABŞ Federal Təhqiqat Bürosu pilotların kommunist rejimindən qaçdığını bildirib. Nəticədə, Interpol iki nəfəri saxladı, ABŞ isə etiraz olaraq təşkilatı tərk etdi.

1955-ci ildə Interpol artıq 55 ölkədə fəaliyyət göstərirdi. Bir il sonra təşkilatın hazırki nizamnaməsi qəbul edildi və beynəlxalq cinayət polisi idarəsi, yəni Interpol adlandırıldı. 1982-ci ildə BMT-də dövlətlərarası beynəlxalq təşkilat statusu aldı, yeddi il sonra isə qərargah Lonaya köçürüldü.

Interpol əməkdaşları şübhəli şəxslərin həbsi ilə məşğul olmurlar; bunun üçün üzv ölkələrin məhkəmə qərarları və polis strukturları mövcuddur. Təşkilat şəxsiyyət və cəmiyyətə qarşı cinayətlər, mütəşəkkil cinayət və terrorçuluq, qanunsuz silah dövriyyəsi, insan alveri, qiymətli kağızların saxtalaşdırılması və digər cinayətlərlə mübarizə aparır. Siyasi, hərbi, dini və digər maraq məsələlərinə qarışması qadağandır.

70-ci illərdə təşkilatın prezidenti Paul Dikopşistlərin keçmişi ilə bağlı mətbuatda məlumat yayılıb və rəhbərlik kadr səhvini etiraf edib. Interpol Cənubi Amerikada gizlənən faşist cəllad Klaus Barbi və Yozef Mengelenin ekstradisiyasında yardım etməməkdə ittiham olunub. 80-ci illərdə bəzi Latın Amerikası ölkələrinin rəhbərləri və yüksək rütbəli zabitləri narkotik ticarəti ilə əlaqələndirilib.

Onlardan biri Panama lideri Manuel Norieqa idi. Interpolun dörd rəsmi dili var: ingilis, fransız, ispan və ərəb. 1985-ci ildə Interpol terrorizmlə mübarizəyə qoşulub və üzv ölkələrin illik köçürmələri hesabına maliyyələşir. Kasıb ölkələr üzvlük haqqını ödəyə bilmədikləri üçün bir çox imtiyazlardan məhrum olurlar. ABŞ üzvlük haqqının miqdarına görə təsir göstərmək imkanına malikdir. Dünyada tanınan cinayətkarların dosyesi Londonda saxlanılır və sorğu əsasında istənilən ölkəyə göndərilir.

1998-ci ildə Avropa Birliyi ayrı bir təşkilat – Avropol yaradıb və hazırda onunla əməkdaşlıq edir. Interpol cinayətkar qruplara qarşı da əməliyyatlar aparır, məsələn, Çəhrai Panteranın üzvlərini həbs edib. 2007-ci ildə Interpol kanadalı ingilis dili müəllimi, 12 oğlan uşağına qarşı təcavüzdə ittiham edilən Pol Nili həbs etdi. 2018-ci ildə Interpolun prezidenti, Çin vətəndaşı Men Xunvey yoxa çıxdı; təşkilatın onun yoxa çıxmasını araşdırmaq səlahiyyəti olmadığı bildirildi. Sonradan Men Xunvey İnterpoldan istefa verdiyini bildirdi və 2020-ci ildə Çində korrupsiya ittihamı ilə həbs edildi.

Hazırda 190 ölkədən artıq üzvü olan İnterpol, BMT-dən sonra üzv sayına görə ikinci ən böyük dövlətlərarası beynəlxalq təşkilatdır. SSRİ 1990-cı ildə, Müstəqil Azərbaycan isə 1992-ci ildə üzv olub və ölkəmizdə Milli Mərkəzi Bürosu fəaliyyət göstərir. Bu gün bir-biri ilə diplomatik əlaqəsi olmayan ölkələr belə Interpol çərçivəsində əməkdaşlıq edirlər.

Qoşqar Salmanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki